Məlum olduğu kimi, “Qarabağ” futbol komandası Konfrans Liqasının 3-cü təsnifat mərhələsində Cənubi Kiprdə AEL-lə 1:1 hesablı heç-heçə etdikləri ilk oyunda təhqir və söyüşlərlə qarşılaşıb. “Qarabağ” futbolçularının Cənubi Kiprdə məruz qaldıqları təhqirlər və hədələr böyük narazılıq doğurur.
Tribunanın arxasından "Qarabağ"a qarşı təxribatçı şüarlar, qeyri-etik çağırışlar səsələndirilməsi böyük bir təxribatın qığılcımlarıdır. Cənubi kiprli azarkeşlərlə "Qarabağ" futbolçuları arasında qarşıdurma yaşanmasının səbəbinin yerli ermənilərin və ermənipərəst qüvvələrin olduğu istisna edilmir.
Məlumatlara görə, xoşagəlməz hadisə Ağdam klubunun 90+3-cü dəqiqədə hesabı bərabərləşdirməsindən sonra baş verib. Qolun müəllifi Abdullah Zubir sevincini texniki zonada olan məşqçilər və futbolçularla bölüşərkən yunan azarkeşlər qeyri-etik hərəkətə yol veriblər. Onlardan biri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanova qarşı təxribat xarakterli hərəkətlər edib. Aranın qarışdığını görən hakim komandaları meydandan çıxarıb.
Lakin bu zaman Qurban Qurbanov özü geri qayıdaraq meydanda nümayişkaranə şəkildə üzü yunan azarkeşlərə tərəf durub. Görünür o, bununla yerli fanatlardan çəkinmədiyini göstərib.
Qol.az-ın əldə etdiyi yeni şəkillərdən isə görünür ki, yerli azarkeşlər bu təxribata “Qarabağ”ın qolundan daha əvvəl hazırlaşıblar. Matçın gedişatı zamanı onların texniki zonada olan “Qarabağ”ın futbolçuları ilə mübahisə etdikləri açıq şəkildə görünür.
Qeyd edək ki, təxribatı əks etdirən geniş videoicmal və şəkillər artıq mətbuatda yayımlanıb. Larnaka şəhərindəki “AEK Arena”da keçirilən matçda hazırda fasilədir və hesab açılmayıb.
Cənubi Kiprdə “Qarabağ”a qarşı baş verən təxribatla bağlı
AFFA UEFA-ya, eləcə də başqa beynəlxalq futbol qurumlarına müraciət edəcəkmi, yaxud edibmi?
“Həm şifahi şəkildə, həm də yazılı formada Avropa futbol qurumuna müvafiq qaydada müraciət olunub”
AFFA-nın mətbuat katibi Firuz Abdulla “Bakı-Xəbər”ə bildirdi ki, məsələ AFFA-nın nəzarətindədir: “Oyunun gedişində, qeyd etdiyiniz insident baş verdiyi andan etibarən AFFA tərəfindən UEFA ilə əlaqə saxlanılıb, həm şifahi şəkildə, həm də yazılı formada Avropa futbol qurumuna müvafiq qaydada müraciət olunub. AFFA rəhbərliyinin UEFA ilə təmaslarında təkcə meydanda deyil, oyundan sonra “Qarabağ” klubunun üzvlərinin hava limanına gedişi zamanı da təhlükəsizliyin təmin olunması məsələsi xüsusi vurğulanıb. Bizdə olan məlumata görə, komandanın aeroporta gedişi zamanı hər hansı insident qeydə alınmayıb. Qarşılaşmanın son dəqiqələrində baş vermiş bütün hadisələr oyuna təyin olunmuş UEFA nümayəndəsinin gözü qarşısında baş verib və UEFA nümayəndəsi müvafiq qeydlərini aparıb. Prosedura uyğun olaraq, artıq UEFA tərəfindən qərar qəbul olunacaq. AFFA olaraq mövqeyimiz hər zaman rəqibə və idman prinsiplərinə hörmətlə yanaşmağın vacib olmasıdır”.
İradə SARIYEVA