“Yaxşı olar ki, banklar, istehlak kreditləri ilə yanaşı, istehlalla bağlı kreditlərə də keçid etsin”
“Bu gün bankların hüquqi şəxslərlə də bağlı çətinlikləri də var. Bu da, istər-istəməz, bankların fəaliyyətinə mənfi təsir göstərir”. Bu fikirləri maliyyə naziri Samir Şərifov AzTV-yə müsahibəsində səsləndirib. O qeyd edib ki, bəzi şirkətlərin banklara olan borclarını vaxtında qaytarmaması bankların fəaliyyətinə mənfi təsir göstərir. Dövlət qurumları bununla bağlı da işləyir: “Prezidentin tapşırığı var. Bank sektorunun sağlamlaşdırılması ilə bağlı növbəti proqram hazırlanır, onun maliyyə tutumu müəyyən edilir, yəqin ki, yaxın zamanlarda bu proqram təqdim ediləcək" Bankların hüquqi şəxslərlə probleminin hansı istiqamətdə həll olunduğunu araşdırmaq məqsədilə iqtisadçı ekspert Fikrət Yusifova müraciət etdik. O, “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, hüquqi şəxslərlə də bağlı bank sektorunda müəyyən çətinliklər yaşanır: “Problemli kreditlərlə bağlı Prezident İlham Əliyevin imzaladığı sərəncam tək əhalinin maddi vəziyyətini düzəltməyəcək, eyni zamanda bankların da dirçəlməsinə səbəb olacaq. Dövlətin dəstəyi həm də banklara ünvanlanıb”. Həmsöhbətimiz hesab edir ki, bank sektorunda aparılan islahatlar ölkə iqtisadiyyatına müsbət təsir edəcək. Banklar iqtisadiyyatın real sektoruna üz tutacaq, hər hansı layihələrin maliyyələşdirilməsində yaxından iştirak edəcəklər: “Yaxşı olar ki, banklar, istehlak kreditləri ilə yanaşı, istehlalla bağlı kreditlərə də keçid etsin. Bunun üçün bankların maliyyə nöqteyi-nəzərindən dayanıqlı olmasına ehtiyac var. Bu səbəbdən bank sektorunda elə islahatlar aparılmalıdır ki, iqtisadiyyata kredit ayıra bilsin. Xatırladım ki, dövlət başçısı dəfələrlə öz çıxışında bildirib ki, banklar ölkə iqtisadiyyatına dəstək versin. Banklar bu sahəyə də maraq göstərməlidir”.
Günel CƏLİLOVA