Fevralın 26-da Bakıda Xocalı qətliamının 27-ci ildönümü ilə bağlı keçirilən izdihamlı anım yürüşü ermənilərin yuxusunu qaçırıb.
Məsələ burasındadır ki, həmin yürüşdə ATƏT-in Minsk Qrupunun həmsədri olan Rusiyadan gəlmiş böyük bir nümayəndə heyəti də iştirak edib. Eyni zamanda, Rusiyanın bir neçə telekanalı Xocalı yürüşü ilə bağlı geniş reportaj hazırlayaraq efirində yayımladı və həmin reportajlarda Azərbaycan Prezidenti İlham Əliyevin Xocalı qətliamı ilə bağlı həqiqətlərə işıq tutan eksklüziv müsahibəsinə də geniş yer verildi. Bütün bunlar isə Ermənistan tərəfində ciddi məyusluq və qıcıq yaradıb. Fevralın 26-da vaxtilə Xocalıda törətdiyi ağılalmaz vəhşiliklərin dünyanın qulağına çatmasını əngəlləmək üçün saxta “Sumqayıt qırğını”nın ildönümü ilə bağlı aksiya təşkil edib gözlərə kül üfürməyi hədəfləyən İrəvan məhz rusiyalı nümayəndə heyətinin Bakıdakı möhtəşəm tədbirdə iştirak etməsini heç cür həzm edə bilmir. Bunu bu ölkənin Milli Şurasının (parlament) spikeri Ararat Mirzoyanın sözlərində də görürük. Rusiyalı senatorlar qarşısında çıxış edən Mirzoyan deyib ki, Bakıdakı Xocalı yürüşündə Rusiya-Ermənistan parlamentlərarası komissiyanın üzvlərinin iştirak etməsi onu təəccübləndirib. O deyib ki, ölkələrimiz arasında yüksək səviyyəli müttəfiqlik və əməkdaşlığa baxmayaraq, bəzi rusiyalı həmkarlarımızın Bakıda ermənilərə qarşı keçirilən aksiyada iştirak etməsi”haqlı bir şaşqınlıq yaradır".
Biz isə deyirik ki, bundan sonra belə şaşqınlıqlarınız çox olacaq, çünki artıq Azərbaycan apardığı məqsədyönlü siyasətilə özünün haqq səsini dünyanın kar olmuş qulaqlarına çatdıra bilib.
Axı, haqq nazilər, amma üzülməz deyiblər...
SAMİRƏ