Ermənistan baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan hökumətin fəaliyyətinə nəzarət etmək üçün hökumət binasına daşınıb.
Erməni mətbuatından bu xəbəri oxuyanda yadıma rəhmətlik satirik şairimiz Rüfət Əhmədzadənin məşhur ”evdəki arvad da nəzarətçidir!” misrası düşdü. Amma təbii ki, ölməz şairimiz bu misraları həm yumorla, həm də sıradan bir ailənin yaşam mənzərəsi kimi qələmə almışdı. Paşinyanın vəziyyəti isə bu mənada kəskin şəkildə fərqlənir. Burada iki əsas səbəb ola bilər: ya Paşinyan ətrafına etibar etmir və arvadını ən etibarlı adamı olaraq hökumətin içinə nəzarətçi kimi yerləşdirib, ya da arvadı özü onu gözdən qoymur və bunun üçün özünün səbəbləri var. Amma nəzərə alınsa ki, Paşinyan Respublika partiyasının üzvlərinin hələ də yüksək postlar tutmasından duyduğu əndişəni hər fürsətdə dilə gətirir, o halda birinci versiya daha ağılabatan görünür.
Anna Akopyana gəldikdə isə, bu qadın özünün ambisiyalarına adekvat mərtəbəni əldə etməyə nə qədər israrçı olsa da, görünür, hələ atdığı addımlar ona bu yeri qazandırmayıb. Yəqin “məxməri inqilab”ın eyforiya buludları başları üzərindən hələ çəkilmədiyi dönəmdə onun Qarabağa “sülhməramlı”(!) səfər təşkil etməsini xatırlayırsız. O zaman Azərbaycan tərəfinin “işğal etdiyiniz torpaqlarımızda hansı sülhməramlı missiyadan danışırsız” kimi tərs şapalaq effektli sual atəşləri onu rus arvadlarını da götürüb ölkəsinə geri dönməyə vadar etdi. Beləliklə, onun Qarabağda prosesləri nəzarətinə götürmək cəhdi suya düşdü. Üstəlik, buna qondarma rejimin “rəhbərlərinin” də imkan verməyəcəyini anladı. Çox güman, Paşinyanın qondarma rejimin rəhbərliyini dəyişmək çabaları da elə bundan sonra başladı. İndi isə belə görünür ki, Ermənistanın “Raisa Qorbaçovası” məsələni lap başdan çözmək, yəni ərinin başçılıq etdiyi hökumətə nəzarət etmək qərarına gəlib.
Ancaq bu qədərini söyləyim, iddialarından ona çox bənzəsə də, ambisialarında heç Raisa Qorbaçova da bu qədər irəli gedə bilməmişdi...
SAMİRƏ