Bakı Dövlət Universtetinin professoru, tarix elmləri doktoru İsmayıl Məmmədov (İsmayıl bəy Zərdablı) fevralın 11-dən 14-dək Hindistanın Assan bölgəsinin paytaxtı Quvahati şəhərinin Quvahati Universitetində keçirilən beynəlxalq konfransda iştirak edib.
Baki-xeber.com-un xəbərinə görə, 2019-cu il Nəsimi ili olduğu üçün azərbaycanlı alim məruzəsində Nəsimi ilə bağlı məsələlərə də toxunub. Onun məruzəsi "XV əsrdə Azərbaycan mədəniyyəti" adlanır.
Konfransın ikinci günü professorun ABŞ-da nəşr olunmuş "Azərbaycanın etnik və siyasi tarixi" (ingilis dilində) adlı kitabının təqdimatı keçirilib. Əsərdə qədimdən bugünə kimi Azərbaycanın etnik və siyasi tarixi təhlil olunub. Kitabda Azərbaycanın qədim tarixə və mədəniyyətə malik olması, eyni zamanda müasir tarixi haqqında da geniş məlumat verilir.
Təqdimat vaxtı ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımlar, Xocalı soyqırımı, 20 Yanvar hadisələri barədə də konfrans iştirakçılarına məlumat verilib. Təqdimat mərasimində Universitetin rektoru, departament rəhbəri, Hindstanın alimləri ilə bərabər Almaniya, Şotlandiya, Macarıstan, Rusiya, İran, Nepal, Banqladeş, Türkiyə, Koreya, Norveç və başqa ölkələrin alimləri də iştirak edib. Təqdimatın sonunda müəllif çıxış edərək, Universitetin rəhbərliyinə və iştirakçılarına təşəkkür edib. Professor Universitetin kitabxanasına kitablar hədiyyə edib.