Ötən il “məxməri inqilab” dalğasında Serj Sarkisyana müxalif qüvvələrin “yeni demokratik nəfəs” deyə bəh-bəhlə hakimiyyətə gətirdiyi Paşinyanın ətrafındakı sirr pərdəsinin zaman keçdikcə müxtəlif yerlərindən “süzülməsi” onun barəsində əsl həqiqətlərin ortaya çıxmasına səbəb olur.
Bunun təsdiqini görmək üçün elə bu ölkənin gündəlik mətbuatını izləmək yetərlidir. Baş nazir səlahiyyətlərinə rəsmən başladığı iki aylıq müddətdə Paşinyan barəsində mətbuata sızanlar isə bu şəxsin hakimiyyət başına heç də öz gücünə və ya şəxsi idarəçilik məziyyətlərinə görə deyil, Ermənistanın ilk prezidenti olmuş Levon Ter-Petrosyanın tərəfdarlarının dəstəyilə məhz onun adamı olaraq gətirildiyini düşünməyə ciddi əsaslar verir. Məsələn, Ermənistanın “Past” (tərcümədə həm yırtıcı ağzı, həm də yıxılmaq mənası daşıyır və mövzumuz nəzərə alınarsa, ikinci çox uyğun gəlir – S.S) qəzeti yazır ki, Nikol Paşinyanın simasında əslində Ter-Petrosyanın hakimiyyətə gəlməsilə bağlı söz-söhbətlər gün keçdikcə ölkə gündəmini daha çox zəbt edir. Özəlliklə bu mövzu Tiqran Akopyan, Vladimir Karapetyan və digərləri kimi “Levon kadrlarının” yüksək vəzifələrə təyin olunmasından sonra daha çox aktivləşib.
Qəzetin hakimiyyət dairələrində əlaqələri olan mənbəsinin bildirdiyinə görə, bu söz-söhbətlər heç də əsassız deyil və Baş nazirin, xüsusilə xarici siyasətlə bağlı verdiyi bütün qərarların arxasında Levon Ter-Petrosyan durur. Qəzet yazır:”Əldə etdiyimiz dəqiq məlumata görə, Paşinyan günün müəyyən hissəsini “Ded”lə telefon konsultasiyalarına ayırır. Eyni zamanda, deyilənə görə, hələ iyun ayında məhz Ter-Petrosyan Paşinyana Robert Köçəryanı təcili şəkildə oyundankənar vəziyyətdə qoymağı məsləhət görüb ki, siyasi meydanda aktivləşməyə imkan tapmasın”.
Qəzetin diqqət çəkdiyi daha bir maraqlı məqam isə Ter-Petrosyanın son zamanlarda siyasi arenada daha aktiv mövqe tutmasıdır. Bu kontekstdə eks-prezidentin “müəmmalı pərdəarxası görüşlər keçirdiyi” bildirilir, konkret fakt kimi isə bugünlərdə onun İtaliyanın Ermənistandakı səfirilə görüşü göstərilir.
Beləliklə, populist şüarlarla hakimiyyətə gələn və danışdıqlarının populizmdən o tərəfə keçməyəcəyi getdikcə elə öz xalqı tərəfindən də dərk edilən erməni baş nazirinin bu sayədə reytinqi hər keçən gün aşağı düşdükcə arxasında boy verən siluet daha aydın görünür və erməni baş nazirinin ipi sahibinin əlində olan “kukla”dan başqa bir şey olmadığı ortaya çıxır.
SAMİRƏ