Bu günlərdə Fransa prezidenti Emmanuil Makron Parisdə erməni icmasının nahar məclisinə qatılıb və ermənilərə 24 aprel tarixini “erməni genosidinin anım günü” elan edəcəyilə bağlı vəd verib. Makron deyib ki, “Fransa tarixin üzünə necə baxılmalı olduğunu yaxşı bilir” və bu səbəbdən də 2001-ci ildə bu “genosidi” tanıyan ilk və yeganə dövlət olub. Bulunduğu məclisdə ermənilərə xoş gəlmək istəyən Emmanuil daşnak Şarl Aznavurun ruhuna dua da oxuyub.
Maraqlıdır ki, həmin məclisdə erməni icması Makronu hədiyyəsiz qoymayıb və ona təntənəli şəkildə ... düdük (tütək) hədiyyə edib. Guya “genosidə qurban gedənlərin” anıldığı məclisdə düdük hədiyyəsinin, özü də qocaman bir dövlətin prezidentinə verilməsinin nə anlama gəldiyini biz bilmirik. Məsələn, bizdə bu “ala get düdüyünü çal” kimi yozulur və heç də düdük hədiyyəsi alan şəxsin yaxşı yerə “göndərilməsini” ehtiva etmir. Görünür, ermənilərdə ya düdük yaxşı hədiyyə, ya da “göndərilmə ünvanı” yaxşı yer sayılır...
O ki qaldı bizim yanaşmamıza, biz yalnız onu deyirik ki, ermənilər yaxşı ki Makrona klarnet hədiyyə etməyib. Yoxsa bircə dəfə ovurdlarını şişirdib onu çalmağı yetərliydi ki, “sarı jiletlilər”in bir aydan çoxdur onu göndərmək istədiyi yerə uçsun. Özü də çala-çala...
RAMİL