“Avropa Parlamenti tərəfindən Mehman Hüseynovla bağlı qəbul edilən qətnamənin qərəzli olması heç kəsdə şübhə doğurmur. Çünki o parlamentdə Mehman Hüseynovu heç kəs tanımır. Kimlərsə onu aşağıdan ora qaldırır və onun haqqında yalan məlumat verməklə hansısa siyasi dairələrin sifarişini yerinə yetirirlər. M.Hüseynovla bağlı heç bir problem yoxdur. Bilirsiniz ki, xarici ölkə səfirləri onun olduğu cəzaçəkmə müəssisəsində olublar və onunla əlaqədar heç bir problemin olmadığını bəyan ediblər. Sadəcə, bu qətnamə Azərbaycana qarşı növbəti bir təzyiq vasitəsidir. Azərbaycanın müstəqil siyasət yürütməsi onlarda narahatlıq yaradır. Ölkəmizdə təbii sərvətlərdən gələn gəlirlərin dövlət büdcəsinə daxil olması, Neft Fondunda saxlanması, bu vəsaitlərin Azərbaycan Respublikasının layihələrinə xərclənməsi onların narahatlığına səbəb olur. Ona görə də bu qətnaməni ancaq qərəzli və Azərbaycana qarşı təzyiq vasitəsi kimi qiymətləndirmək olar”.
Bunu “Bakı-Xəbər”ə həbsdə olan bloger M.Hüseynovla bağlı yanvarın 17-də Avropa Parlamentində qəbul edilən qərəzli qətnaməyə münasibət bildirərkən millət vəkili Aydın Mirzəzadə deyib.
İradə SARIYEVA