Yadigar Məmmədli: "Hər bir kəsin eyni zamanda informasiya əldə etmək, ötürmək imkanları daha da yaxşılaşmalıdır"
Prezident İlham Əliyev "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında" Sərəncam imzalayıb.
Məqsəd "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 2 aprel tarixli, 359 nömrəli Sərəncamının 3.1-ci bəndinin icrasını təmin etməkdir.
Sərəncama əsasən, "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı" təsdiq edilib.
Sənədə görə, Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının əlaqələndirilməsi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə həvalə edilib.
Yeni təsdiqlənmiş Dövlət Proqramında nəzərdə tutulan fəaliyyətlər 7 bölmədə ifadə olunub. Bütün fəaliyyətlər informasiya texnologiyalarının inkişaf etdirilməsi ilə bağlıdır.
"İKT infrastrukturu və xidmətləri" bölməsində əsas diqqətçəkən fəaliyyət vətəndaşların internetə çatım hüququ ilə bağlıdır. Proqramda genişzolaqlı internet xidmətlərinin universal xidmətlər siyahısına daxil edilməsi ilə bağlı müvafiq təkliflərin hazırlanması və həyata keçirilməsi nəzərdə tutulur. Bu fəaliyyət 2017-18-ci illərdə reallaşdırılmalıdır.
Ümumilikdə ekspertlər informasiya cəmiyyətinin inkişafına dair sərəncamın verilməsini necə dəyərləndirir? Məsələyə münasibət bildirən media eksperti Yadigar Məmmədli belə bir strategiyanın təsdiq edilməsini müsbət prizmadan dəyərləndirdi: "Bir sıra inkişaf etmiş ölkələrdə də bununla bağlı müvafiq qərarlar qəbul olunub və bu öz müsbət təsirini göstərməkdədir. Azərbaycanda da bununla bağlı müvafiq qanunlar qəbul olunub. Cənab Prezidentin bununla bağlı fikirləri, əslinə qalsa, bu işin inkişaf etdirilməsinə yönəlib. Məsələ ondadır ki, ölkə dinamik inkişaf edir və bu inkişafın təmin olunmasında informasiyanın da özünəməxsus rolu var. Söhbət ondan gedir ki, dövlət qurumları arasında olan münasibətlər, yazışmalar, bütün münasibətlərin daha intensiv və sürətli olması üçün mütləq informasiyalı cəmiyyət olmalıdır. Yəni hər bir kəsin eyni zamanda informasiya əldə etmək, ötürmək imkanları daha da yaxşılaşmalıdır. Bununla bağlı dövlətin qəbul etdiyi qanunlar var. Sadəcə, həmin qanunlara riayət etmək lazımdır. Bu bizim jurnalistlərin də üzərinə müəyyən məsuliyyət qoyur". Vidadi ORDAHALLI