Dünən Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov Estoniyanın bir qrup tibb mütəxəssisindən ibarət nümayəndə heyətini qəbul edib. Görüş zamanı akademik Əhliman Əmiraslanov son illər ərzində ölkəmizdə səhiyyənin inkişafı sahəsində aparılan islahatlar, görülən işlər, əldə olunmuş nailiyyətlərdən danışıb, qonaqlara Milli Məclisin Səhiyyə komitəsinin yaranması və fəaliyyəti barədə məlumat verib.
Estoniya nümayəndə heyətinin üzvləri isə Azərbaycana ilk dəfə gəldiklərini və bu səfərin tanışlıq xarakteri daşıdığını bildiriblər. Səfərin məqsədinin iki ölkə arasında tibb və səhiyyə sahəsində əməkdaşlığın bundan sonra daha da gücləndirilməsi və inkişaf etdirilməsi olduğu vurğulanıb. Estoniya nümayəndə heyətinin rəhbəri Estoniyanın Həkimlər Birliyinin rəhbəri, onkoloq Yuri Teras Azərbaycanın bu sahədəki təcrübəsindən yararlanmaq məqsədilə bu tipli səfərlərin gələcəkdə də həyata keçirilməsinin planlaşdırıldığını qeyd edib. Estoniyanın Biotexnoloji Assosiasiyasının rəhbəri Riin Ehin və Estoniyanın MAQATE-dəki nümayəndəsi Sergey Nazarenko isə, öz növbələrində, Azərbaycan və Estoniyanın əczaçılıq, biotexnologiya və molekulyar tibb istiqamətində birgə layihələr çərçivəsində gələcək fəaliyyət istiqamətləri barədə fikirlərini bölüşüblər.
Görüşün sonunda xatirə fotosu çəkilib.
Xəbər xidməti