Bayram günlərində hər bir imkanlı müsəlman öz xeyirxah əməlləri ilə ehtiyacı olan insanlara yardımlar edir, onlara kəsdiyi qurbandan pay göndərir. Nəsimi rayonunda da İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayondakı idarə və təşkilatlar, iş adamları, ayrı-ayrı xeyriyyəçilər tərəfindən əziz bayram münasibətiə qurbanlar kəsilməsi və rayonda yaşayan imkansız ailələrə paylanması təşkil olunub.
Bu qəbildən keçirilən tədbirlərdən biri də Rayon İcra Hakimiyyətinin Qurban bayramı münasibəti ilə təşkil etdiyi bayram tədbiri olub. Rayon Ağsaqqallar və Veteran Təşkilatları Şuralarının, Qarabağ əlilləri, müharibə veteranları və şəhid ailələri ictimai birliyinin, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Nəsimi rayon Təşkilatının, «Qızıl Aypara», Korlar, Əlillər, Çernobıl əlilləri, 20 Yanvar cəmiyyətləri, Azərbaycandakı Rus İcmasının və «Sodrujestvo» cəmiyyətlərinin, ərazidə fəaliyyət göstərən digər ictimai birliklərin rayon şöbələrinin rəhbərlərinin və üzvlərinin, rayon sakinləri, burada məskunlaşmış məcburi köçkün ailələrinin iştirakı ilə təşkil olunan mərasimə toplaşanları Nəsimi Rayon İcra Hakimiyyəti başçısının I müavini Yavər Allahverdiyev salamlayaraq, müqəddəs Qurban Bayramı münasibətilə təbrik edib, bu günlərdə ehtiyacı olan hər bir vətəndaşa kömək göstərilməsinin əhəmiyyətini xüsusi olaraq vurğulayıb. Qurban Bayramı ilə əlaqədar Nəsimi rayonunda yaşayan şəhid ailələri, Qarabağ müharibəsi əlillərinə, II Dünya müharibəsi veteranlarına, qaçqınlara, ərazidə məskunlaşmış məcburi köçkün ailələrinə, kimsəsizlərə, tənhalara, yataq xəstələrinə və yardıma ehtiyacı olan digər şəxslərə – ümumilikdə 3000-dən çox ailəyə qurban payları təqdim edilib. Tədbirdə çıxış edən ictimai birliklərin, Veteran təşkilatlarının rəhbərləri, məcburi köçkünlərin nümayəndələri və digərləri bayram münasibətilə göstərilən yardımlara görə ölkə başçısı İlham Əliyevə və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Baki-xeber.com