ABŞ-ın Bakıdakı səfirliyinin Xocalı soyqırımı ilə bağlı paylaşimı təqdirəlayiq addım olsa da, paylaşımda təkrarlanan bir fikir diqqətimi çəkdi. Səfirlik "həlak olmuş insanların xatirəsini ehtiramla yad edən" Azərbaycan xalqının kədərinə qoşulduğunu bildirir... Humanist və qayğıkeşlik hissləri hörmətə layiqdir. Lakin "həlak olmuş insanlar" ifadəsi məlum hadisənin məzmununu tam ifadə etmir və hətta deyərdim ki, həmin faciənin əsl məzmununu bir qədər kiçildir...
Bu sözləri "Bakı-Xəbər" media qrupunun rəhbəri, politoloq Aydın Quliyev özünün Facebook hesabındakı paylaşımında yazıb. A.Quliyev daha sonra yazır:
- Əvvəla, Xocalıdakı hadisənin qurbanları silahsız və qabaqcadan heç bir özünümüdafiə tədbiri görməmiş dinc insanlar oldu.
İkinci, dinc insanlar gecə vaxtı quldur basqınla amansızcasına qətlə yetirildilər...
Üçüncü, aşkar soyqırım hadisəsini insanların sadəcə "həlak olması" kimi xarakterizə etmək düz deyil. Onlar hər hansı təbii fəlakətdə, bədbəxt hadisədə qurban getməyiblər ki...
Dördüncü, Amerika administrasiyalarının erməni soyqırımı kimi saxta hadisəni "soyqırım", "böyük fəlakət " adlandırması və üstəlik Xocalıya belə yanaşması açıqca ayrıseçkilik əlamətidir.
Fikrimcə, Amerika rəsmilərinə bu incə mətləblər rəsmi səviyyələrdə dostcasına xatırladılmalıdır...
SAMİRƏ