Bakı Şəhəri üzrə Təhsil İdarəsi 118 nömrəli tam orta məktəbin ətrafında baş verən hadisə ilə əlaqədar məlumat yayıb. İdarədən Trend-ə bildirilib ki, hazırda idarənin əməkdaşları sözügedən məktəbdədirlər. Məsələ tam araşdırılana qədər məktəbin direktoru Qardaşxan Səlimov vəzifəsinin icrasından kənarlaşdırılıb. Məktəbin idarə olunması Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşına həvalə olunub.
Qeyd olunur ki, məsələ bilavasitə Təhsil Nazirliyi rəhbərliyinin nəzarəti altındadır: "118 nömrəli tam orta məktəbin ətrafında baş verən hadisə zamanı dünyasını dəyişən Elmar Əliyevin ölümünün səbəbi müvafiq hüquq-mühafizə orqanları tərəfindən araşdırılır və bununla bağlı əlavə məlumat veriləcək. Dünyasını dəyişən Elmar Əliyevin ailəsinə dərin hüznlə başsağlığı verir və allahdan rəhmət diləyirik”.
Qeyd edək ki, bu gün səhər məktəbin ətrafına toplaşan kənd sakinləri məktəbin direktoru Qardaşxan Səlimovun məktəbdə idarəetmə formasından, davranışlarından, şagirdlərlə təhqir formasında danışmasından şikayət ediblər.
Valideynlər qeyd ediblər ki, məktəbin tarix müəllimi uzun müddətdir ki, dərsə gəlmir və uşaqlar dərslərdən geri qalırlar. Yanvarın 16-da məktəbin IX sinif şagirdləri direktordan müəllimin dərsə gəlməməsinin səbəbini soruşub və onun başqa müəllimlə əvəz olunmasını istəyiblər. Məktəb direktoru təhqiredici ifadələr işlədib.
Aksiya zamanı 22 yaşlı Əliyev Elmar Rəcəbəli oğlu qıcolmadan dünyasını dəyişib.
Əraziyə Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub. İdarənin rəisi Təhmasib İbrahimov jurnalistlərə deyib ki, həkimlərin bildirdiyinə görə, ölən epilepsiya xəstəsi olub. Hazırda E.Əliyevin ölüm faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Suraxanı rayon prokurorluğundan Trend-ə bildiriblər ki, bu gün 118 saylı Hövsan kənd orta məktəbinin qarşısında keçirilən etiraz aksiyası zamanı ölən Elmar Əliyevin meyiti müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Suraxanı Rayon Şöbəsinə aparılıb. Yalnız ekspertizanın ilkin rəyindən sonra faktla bağlı cinayət işinin qaldırılıb-qaldırılmayacağı haqqında qərar veriləcək.
Hazırda faktla bağlı araşdırma aparılır.