"Bu gün Strateji Əməkdaşlıq Şurasının 4-cü toplantısında müzakirə olunan məsələlər və bu məsələlərin həlli əlbəttə ki, Türkiyə-Azərbaycan qardaşlıq əlaqələrini daha da yüksək pilləyə qaldıracaq". Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
Göstərilən qonaqpərvərliyə görə Rəcəb Tayyib Ərdoğana minnətdarlığını bildirən İlham Əliyev deyib: "Sizin qeyd etdiyiniz kimi, bu il mən ilk rəsmi səfərimi Türkiyəyə, qardaş ölkəyə edirəm. Bu da təbiidir. Çünki bu, artıq gözəl bir ənənədir. Eyni zamanda, bu səfər bizə imkan verdi ki, bu il ərzində görüləcək işləri bir daha müzakirə edək və öz birgə fəaliyyət planımızı təsdiq edək".
Prezidentin sözlərinə görə, bu gün imzalanan birgə bəyanatda Türkiyə-Azərbaycan əlaqələrinin əvvəlki dövrü, görülən işlər və görüləcək işlər öz əksini tapıb: "Bizim əlaqələrimiz tarixi köklərə, xalqlarımızın qardaşlığına söykənir və bu gün bu əlaqələr dünyada ən yaxın əlaqələrdir. Bu gün dünyada Türkiyə və Azərbaycan kimi bir-birinə bağlı, yaxın olan ikinci ölkələr yoxdur. Bu birliyi təsdiqləyən bir çox məqamlar var. Onlardan biri də, əziz qardaşımın dediyi kimi, Türkiyənin Azərbaycanı G-20-yə dəvət etməsidir. Bu bizim üçün böyük şərəfdir. İlk növbədə ona görə ki, bu dəvət Türkiyədən gəlmişdir və həm Türkiyə və Azərbaycan xalqlarına, həm də bütün dünya xalqlarına bir daha göstərir ki, biz bir-birimizə nə qədər yaxınıq, bir-birimizə nə qədər bağlıyıq. Bu dəvətə və Azərbaycana göstərdiyiniz bu diqqətə görə, əziz qardaşım, şəxsən sizə minnətdaram. Əminəm ki, bundan sonra da Türkiyə-Azərbaycan dostluq və qardaşlıq əlaqələri uğurla davam etdiriləcəkdir. Eyni zamanda, 24 apreldə Çanaqqala zəfərini də birlikdə qeyd edəcəyik və bu tarixin seçilməsinə görə də öz adımdan və bütün Azərbaycan xalqı adından sizə çox minnətdaram. Bu tarixin seçilməsi çox müdrik bir addımdır. Əminəm ki, bizim xalqlarımız bunu layiqincə qiymətləndirəcəklər. O ki qaldı bugünkü toplantıya, əziz qardaşımın qeyd etdiyi kimi, bir çox məsələlər müzakirə edildi, qərarlar verildi, nazirlər öz aralarında görüşlər keçirdilər. Əminəm ki, bütün bu məsələlərin həlli bizi daha da yaxın edəcək".