Yanvarın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Baş naziri Əhməd Davudoğlu ilə görüşüb.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən iqtisadi, enerji, nəqliyyat və digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olundu. Ölkələrimizin birgə həyata keçirdiyi layihələrin əhəmiyyətinə toxunuldu, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin önəmi vurğulandı. Azərbaycan-Türkiyə əlaqələrinin regional əməkdaşlığın gücləndirilməsinə töhfə verdiyi qeyd edildi.
Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının zəruriliyi bildirildi. Ölkələrimiz arasındakı dostluq əlaqələrinin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olundu.