Gürcüstan vətəndaşı olan azərbaycanlılar üçün Azərbaycanda müxtəlif imtiyazların tətbiq olunması təklif edilir. Milli Məclisin deputatı Fərəc Quliyev Trend-ə bildirib ki, bununla bağlı Azərbaycan Parlamentinin yaz sessiyasında təklif irəli sürəcək.
F.Quliyev hesab edir ki, əcnəbi vətəndaşlarla Gürcüstan vətəndaşı olan azərbaycanlılar arasında müəyyən fərq qoyulmalıdır: "Bu ya "Vətəndaşlıq haqqında” qanuna dəyişiklik kimi və ya ayrıca qanun kimi də qəbul oluna bilər. Bilirsiniz ki, Azərbaycanda ikili vətəndaşlıq yoxdur, ancaq biz çalışıb həmvətənlərimizlə bağlı elə bir müddəa nəzərdə tutmalıyıq ki, miqrasiya qanunvericiliyində digər əcnəbilərlə Gürcüstanda yaşayan azərbaycanlılar arasında bir fərq olsun. Yəni yaşamaq, işləmək, əmlak, iş qurmaqla bağlı əlavə imtiyazlar olsun”.