Fransa polisi Parisdə, «Charlie Hebdo» jurnalının redaksiyasında törədilmiş kütləvi qətldə şübhəli bilinən iki nəfəri ölkənin şimalındakı kənddə, mühasirədə saxlayır. Şübhəlilərin, içərisində olduqları binada özlərilə bir nəfəri girov saxladıqları bildirilir.
Hücumu törədənlərin tapılması üçün irimiqyaslı polis əməliyyatlarının üçüncü günü, Parisdən 35 km məsafədə yerləşən Dammartin-en-Goele məntəqəsində bir neçə nəfərin yaralandığı barədə xəbər yayılıb, lakin ölülərin olduğunu rəsmilər təkzib edib.
Bəzi xəbərlərə görə, silahlı şübhəlilərlə polis arasında danışıqlar aparılıb. Son məlumatlara əsasən polis tərəfindən təqib edilən silahlı şübhəlilər Cherif və Said Kouachi qardaşları Dammartin-en-Goele məntəqəsində kiçik mətbəə binasına sığınıblar.
Xəbərlərə görə qardaşlar polislə danışıqlar zamanı təslim olmaqdan imtina edərək şəhid olmağa hazırlaşdıqlarını bildiriblər.
Dammartin-en-Goele məntəqəsi istiqamətində polis maşınlarından ibarət avtomobil karvanının hərəkət etdiyi qeydə alınıb.
Axtarışın 3-cü günü
Polis paytaxtın şimal-şərqində Picardy ərazisində iki kişinin yanacaq stansiyasını soyması ilə bağlı kütləvi əməliyyat aparır. Parisdə isə həyatını itirən 12 nəfərə həsr edilən matəm davam edir.
Vaşinqtonda isə prezident Barak Obama Fransa səfirliyinə gedərək xatirə kitabına ürək sözlərini yazıb. "Biz birlikdə bilirik ki, terror bizim tərəfdarı olduğumuz azadlıq və ideallarla eyni deyil. Eşq olsun, Fransa!"
Cümə günü Paris Şurası fövqəladə iclasda «Charlie Hebdo»nun şəhərin fəxrinə çevriləcəyini bildirib. Paris meri Anne Hidalgo deyib ki, bu, nadir fəxrdir. "Bu, həm də onu bildirir ki, «Charlie Hebdo»nun dəyərləri bizim dəyərlərimiz arasındadır".
Çərşənbə günü Parisdə "Charlie Hebdo" jurnalının redaksiyasına basqın nəticəsində 12 nəfər həyatını itirib. Onlardan səkkizi jurnalist, ikisi polisdir. Bundan başqa bir keşikçi və bir qonaq da öldürülüb.
Polis şübhəli qismində iki qardaşın fotolarını yayıb. Axtarış fotolarında bu iki şəxsin "silahlı və təhlükəli" olduqları bildirilir.
Ötən gün polis şübhəlilərin axtarışı zamanı onlarla əlaqədə olduqları bildirilən yeddi nəfəri həbs edib. Üçüncü şübhəli özünü prokurorluq orqanlarına təslim edib.
Bu arada isə, iki qardaşın Fransanın şimalındakı xidmət stansiyasını soyduqları deyilir. Onlar yemək və yanacaq oğurlayıb və hadisə yerində atəş açıb, Fransa mediası xəbər verir.
Eyni gündə Parisdə silahlı şəxs qadın polis işçisini öldürüb. Montrouge rayonunda baş verən hadisə nəticəsində daha bir nəfərə ciddi xəsarət yetirilib. Silahlı kişi hadisə yerindən qaçıb. Bunun «Charlie Hebdo»da baş verən gülləbaranla əlaqəli olum-olmadığı aydın deyil.