Yanvarın 7-də Silahlı Qüvvələrin yeni tədris ilinə hazırlığının yoxlanılması məqsədilə Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının qüvvə və vasitələri qəfil həyacan siqnalı ilə döyüş hazırlığı vəziyyətinə gətirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Hava Hücumundan Müdafiə Qoşunları tərəfindən döyüş tapşırığının yerinə yetirilməsi təlim mərkəzində "Osa" 9A33BM-3 zenit-raket komplekslərinin istifadəsi ilə həyata keçirilib.
Təlimin ssenarisinə əsasən hava məkanını pozan şərti düşmən aşkarlanaraq izlənməyə götürülüb və təlim-döyüş tapşırığının yerinə yetirilməsi zamanı kiçik həcmli, aşağı yüksəklikdə, qrup halında uçan hədəflər raket zərbələri ilə dərhal məhv edilib.