2014-cü ilin sentyabr ayında Xəzəryanı ölkələrin dövlət başçılarının Həştərxan sammitində Azərbaycan Respublikası və Rusiya Federasiyası prezidentləri arasında əldə olunan razılığa, o cümlədən 2014-cü ilin oktyabr ayında Bakıda Azərbaycan və Rusiya müdafiə nazirlərinin imzaladıqları 2015-ci il üçün Əməkdaşlıq Planına əsasən, Azərbaycan Hərbi-Dəniz Qüvvələri (HDQ) gəmilərinin bu il Xəzər dənizində keçiriləcəyi planlaşdırılan təlimlərdə iştirakı gözlənilir.
Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-in sorğusuna cavab olaraq açıqlayıblar.
Nazirlik bildirir ki, hərbi-dəniz təlimlərində axtarış, xilasetmə, qaçaqmalçılıq halları ilə mübarizə fəaliyyətlərinin icrası və digər humanitar məsələlər üzrə tapşırıqların yerinə yetirilməsi planlaşdırılır.
Həmçinin, Trend-in Qazaxıstanın "Novosti-Kazaxstan” agentliyinə istinadən verdiyi məlumata görə, Rusiya Cənub Hərbi Dairəsinin mətbuat xidmətinin rəisi polkovnik İqor Qorbul bildirib ki, 2015-ci ildə Rusiyanın Xəzər gəmi dəstəsinin dənizçiləri Azərbaycan və Qazaxıstanın iştirakı ilə birgə ilk dəfə Xəzəryanı dövlətlərin hərbi-dəniz qüvvələrinin üçtərəfli beynəlxalq hərbi-dəniz təlimlərində iştirak edəcəklər: "2015-ci ildə Xəzər gəmi dəstəsi Xəzəryanı dövlətlər arasında planlaşdırılmış beynəlxalq hərbi əməkdaşlıq tədbirləri çərçivəsində Qazaxıstan və Azərbaycan respublikalarının HDQ-ləri ilə birgə beynəlxalq təlimdə iştirak edəcək”.