İndoneziyadan Sinqapura gedərkən bazar günü düşən AirAsia təyyarəsinin axtarışları bu gün də davam etdirilib və daha 12 cəsəd dənizdən çıxarılıb. Rəsmilər Borneo adası yaxınlığında axtarış işlərini davam etdirən qrupların dənizdən bugünə qədər 22 adamın cansız bədənini çıxardığını açıqlayıb.
Baki-xeber.com xəbər verir ki, dənizdən çıxarılan 22 cəsəddən 20-si DNT testi və yarılmaq üçün Surabaya adasına aparılıb, şəxsiyyəti dəqiqləşdirilən dörd cəsəd isə ailələrinə təslim edilib.
İndoneziya Axtarış və Xilasetmə Agentliyi hava şəraitinə görə 6 cəsədin hələlik gəmilərdən götürülmədiyini bildirib. Güclü küləyin əsdiyi bölgədə dənizdəki dalğaların hündürlüyünün dörd metrə qədər çatdığı qeyd edilir.
Bu gün həmçinin dənizdən təyyarənin təcili çıxış qapısı və gövdəsinə aid bir neçə parça da çıxarılaraq araşdırmaq üçün bölgəyə ən yaxın olan Pangkalan Bun şəhərinə gətirilib. Rəsmilər gəmi radarlarında təyyarənin quyruğuna bənzər bir cisimin görüldüyünü ancaq, pis hava şəraitinə görə işlərin axsadığını bildirib.