Yoxa çıxmış AirAsia şirkətinin Indoneziyaya uçuş edən QZ8501 reysli təyyarəsi ehtimal edildiyinə görə dənizdə bataraq suyun dibinə gedib, İndoneziyanın axtarış-xilasetmə agentliyinin rəhbəri bildirib. Bambang Soelistyo deyib ki, ehtimallar təyyarənin sonuncu rabitə seansı vaxtı müəyyən edilmiş koordinatlarına əsaslanır.
Təyyarənin axtarışı bazar ertəsi səhər tezdən davam etdirilir.
Ötən gün axşam qaranlıq düşdüyündən yoxa çıxmış avialaynerin axtarışna fasilə verilmişdi.
Bundan əvvəl Malayziya Nəqliyyat naziri itmiş təyyarənin güya qalıqlarının tapılması barədə xəbərləri təkzib etmişdi.
Malayziyada mənzillənən AirAsia şirkətinə məxsus Airbus A320-200 sərnişin təyyarəsi yoxa çıxıb. Təyyarə QZ8501 reysilə Indoneziyadan Sinqapura uçurdu. Göyərtəsində 162 nəfərin olduğu təyyarənin dispetçer xidmətilə əlaqəsinin kəsildiyi bildirilir.
QZ8501 uçan sərnişin təyyarəsinin Bakı vaxtilə 03:24 saatda yoxa çıxdığı qeyd olunur. Xəbərlərə görə, Airbus A320-200 təyyarəsilə rabitə uçuş başladıqdan 2 saat sonra itib, həmin anadək isə uçuşun normal keçdiyi qeyd olunur. İndoneziya hərbi aviasiyası və Sinqapur təyyarəsi Java dənizi üzərində axtarış işlərinə başlayıblar.
Yoxa çıxmış QZ8501 reysli Airbus A320-200 təyyarəsi İndoneziyanın Surabaya şəhərindən havaya qalxaraq Bakı vaxtı ilə 04:30-da Sinqapurda enməli idi.
AirAsia şirkətinin yaydığı məlumata əsasən, yoxa çıxmaqdan əvvəl təyyarə pis hava şəraitinə görə marşrutun dəyişməyə icazə istəmişdi.