Azərbaycanda məhkəmə hakimlərinin səlahiyyət müddəti, təyinatı və həvəsləndirmə qaydalarında dəyişikliklər ediləcək. Trend xəbər verir ki, bununla bağlı Milli Məclisdə "Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanuna dəyişikliklər edilməsi nəzərdə tutulur.
Milli Məclisdən Trend-ə bildiriblər ki, qanunun 94-cu (Hakimlərin, məhkəmələrin sədrlərinin, sədr müavinlərinin və məhkəmə kollegiyalarının sədrlərinin təyin edilməsi) maddəsinin beşinci hissəsinə edilməsi nəzərdə tutulan dəyişikliyə görə, bundan sonra apelyasiya məhkəmələrinin, ağır cinayətlər məhkəmələrinin, Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin sədrlərinin vəzifəyə təyinatı Konstitusiyanın 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq birbaşa deyil, Məhkəmə-Hüquq Şurasının təklifinə əsasən həmin bəndə uyğun aparılacaq.
Qanunun 96-cı (Hakimlərin səlahiyyət müddəti) maddəsinə ediləcək dəyişikliyə görə isə hakim vəzifəsinə ilk dəfə təyin olunmaq üçün qoyulan 5 illik müddət 3 ilədək azaldılacaq. Bundan əlavə, qiymətləndirmə nəticəsində hakimin fəaliyyətində peşəkar çatışmazlıq aşkar edilməszə, Məhkəmə-Hüquq Şurasının təklifi ilə onun səlahiyyətləri 65 yaşadək deyil, son yaş həddinədək uzadılacaq. Bununla əlaqədar qanunda səlahiyyət müddətinə qoyulan 70 yaşlıq limit də ləğv olunacaq.
Qanuna ediləcək əlavəyə görə, Ali Məhkəmənin hakimləri üçün son yaş həddi 68, digər instansiya məhkəmələrin hakimləri üçün isə 66 yaş müəyyən ediləcək.