Ana Vətən Partiyası bələdiyyə seçkiləri ilə bağlı bəyanat yayıb. Partiyanın mətbuat xidmətindən Trend-ə daxil olan bəyanatda deyilir ki, Azərbaycan Respublikasında 23 dekabr 2014-cü il tarixində keçirilən növbəti bələdiyyə seçkiləri ölkəmizin demokratik inkişafının, yeni mərhələnin əhəmiyyətli göstəricisi kimi çağdaş tariximizə daxil oldu:
"Azərbaycan vətəndaşlarının siyasi mütəşəkkilliyi, yerli müşahidəçilərin fəal iştirakı ilə keçən seçki prosesi Azərbaycan Respublikasında hüquqi, demokratik, şəffaf və azad seçki mühitinin mövcudluğunu təsdiqləməklə yanaşı, ölkəmizin beynəlxalq aləmdə nüfuz və mövqelərinin güclənməsində də mühüm rol oynadı. Seçki kompaniyası dövründə seçkilərin gedişi ilə bağlı müşahidəçilərin rəyləri, o cümlədən AVP-nin çoxsaylı müşahidəçisinin partiyanın Mərkəzi Seçki Qərargahına təqdim etdikləri məlumatlar sübut edir ki, bələdiyyə seçkiləri Azərbaycan Respublikası Seçki Məcəlləsinin tələblərinə uyğun keçirilmiş, xalqın öz siyasi iradəsini sərbəst şəkildə ifadə etməsi üçün bütün hüquqi imkanlar və şərait yaradılmışdır.