Hər bir Azərbaycan vətəndaşı məmnunluq hissi ilə dərk edir ki, Azərbaycanın son 10 ildə əzəmətli inkişafı birbaşa cənab Prezident İlham Əliyevin adı ilə bağlıdır. Trend-in məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının icra katibi-sədr müavini, Baş nazirin müavini Əli Əhmədov bu gün keçirilən "İnkişafın 10 ili: 2004-2014" adlı konfransda çıxışı zamanı deyib.
Ə.Əhmədov qeyd edib ki, Azərbaycanın bu inkişafını 21-ci əsrin ilk 10 ilinin iqtisadi möcüzəsi adlandırmaq olar: "Bu müddət ərzində Azərbaycan iqtisadiyyatı 3 dəfə artıb. Dünya tarixində belə qısa müddətdə iqtisadiyyatında 3 dəfə artım müşahidə edilən ölkə olmayıb. Bu illər ərzində Azərbaycan bütünlükdə dəyişib. Azərbaycan möhtəşəm müasirləşmə, inkişaf dövrü yaşayır".
Onun sözlərinə görə, bu, təkcə iqtisadi deyil, həmçinin insanların nəzərində dəyişiklikdir: "Bu gün insanlar sabaha ümidlə baxır, özlərinə daha çox inanırlar".
Ə.Əhmədov vurğulayıb ki, bu, eyni zamanda, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasında özünü göstərir: "Buna təkcə bir nümunə göstərmək kifayətdir. Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv olması ölkəmizin beynəlxalq aləmdə nüfuzunun göstəricisidir. Azərbaycan, həmçinin ciddi regional əhəmiyyətə malikdir".