"Sabah bələdiyyə seçkiləri 5015 məntəqədə keçiriləcək. Bu məntəqələrin 128-i müvəqqəti yaradılmış məntəqələrdir”. APA-nın məlumatına görə, bunu bu gün keçirdiyi mətbuat konfransında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov söyləyib.
M.Pənahov deyib ki, 37 077 nəfər bələdiyyə üzvlüyünə namizədlər var. Seçkilərdə 8 siyasi partiya - YAP, VHP, Ümid, ASDP, MDHP, ADİP, BQP və AVP bələdiyyə seçkilərində partiya kimi namizədləri ilə iştirak edəcəklər. Partiya mənsubiyyəti nəzərə alınsa, ümumiyyətlə, 30 partiyanın üzvləri seçkilərdə iştirak edirlər.
Qeyd edək ki, 2014-cü il dekabrın 23-də 118 seçki dairəsi üzrə 1607 bələdiyyəyə keçiriləcək. Bələdiyyə seçkilərində 15035 bələdiyyə üzvü seçiləcək. Seçki Məcəlləsinin 8.2. maddəsinə əsasən səsvermə günü seçki (referendum) keçirilən ərazidə iş günü hesab olunmur. Seçki Məcəlləsinin bu tələbinə əsasən, dekabrın 23-də Azərbaycan ərazisində qeyri-iş günü olacaq.
50 min 551 müşahidəçi
"Azərbaycan vətəndaşları seçkilərdə aktiv iştirak etməlidir. 18 yaşına çatan hər bir vətəndaş çalışmalıdır ki, ölkədə keçirilən seçkilər beynəlxalq standartlara uyğun olsun”.
Bunu keçirdiyi mətbuat konfransında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.
M. Pənahov bildirib ki, seçkilər zamanı müxtəlif xoşagəlməz hallar, pozuntular ola bilər: "Mənim dünyanın müxtəlif ölkələrində iştirak etdiyim seçkilərdə də belə hallar olub. Bu, o demək deyil ki, qəsdən belə hallara yol verilib”.
KİV nümayəndələrinin pozuntu hallarına reaksiya verməsini, seçki komissiyalarını bu barədə məlumatlandırmasını zəruri sayan MSK sədrinin sözlərinə görə, məntəqələr bələdiyyələrin taleyini həll edir: "Seçki komissiyasının üzvü tərəfindən hansısa diqqətsizlik edirsə, namizədlər hansısa xoşagəlməz hərəkətlər edirsə, Seçki Məcəlləsinə görə buna qiymət verilməsi qaydası var. Bunların hamısı eyniləşdirilməməlidir. Haradasa kimsə yoldaşı ilə gəlib, pasportlarını birgə təqdim edirsə, bunu hansısa məntəqədəki ciddi pozuntu ilə eyniləşdirirlər. Bu, düzgün deyil. Qəsdən pozuntuya yol verən şəxslər seçki komissiyalarından uzaqlaşdırılmalıdır. Seçkilər vətəndaşların nə dərəcədə ölkələrinin sahibi olduğunun göstəricisidir”.
Səsvermənin 50 min 551 müşahidəçi tərəfindən izlənəcəyini açıqlayan M. Pənahov 1000 məntəqədə - məntəqələrin 20 faizində veb-kameralar quraşdırıldığını nəzərə çatdırıb: "Müqayisə üçün deyim ki, ən ciddi beynəlxalq təşkilatların missiyaları bu qədər məntəqədə müşahidə aparmır. Dünyanın istənilən nöqtəsində istənilən insan internet üzərindən seçkini izləyə bilər”.