Fövqəladə Hallar Nazirliyinin 2015-ci il üçün iş planının layihəsi işlənib hazırlanıb. Trend-in məlumatına görə, bu barədə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov məlumat verib.
Diqqətə çatdırılıb ki, Fövqəladə Hallar Nazirliyinin 2015-ci il üçün iş planının layihəsi nazirliyin aparatı və strukturuna daxil olan qurumlar tərəfindən təqdim edilən müddəalar əsasında işlənib hazırlanıb və müvafiq vəzifəli şəxslər tərəfindən razılaşdırılıb.
Növbəti ildə qarşıda duran prioritet vəzifələr nazirliyin kadr potensialından səmərəli istifadə və peşəkarlıq səviyyəsinin artırılması, ölkənin su təhlükəsizliyinin təmin edilməsi, daşqın riskinin azaldılması istiqamətində görülən işlər çərçivəsində dibdərinləşdirmə işlərinin davam etdirilməsi, su ehtiyatlarının qiymətləndirilməsi layihəsi üzrə işlərə başlanılması, neft dağılmalarının qarşısının alınması işinin təkmilləşdirilməsi, bu istiqamətdə yeni layihələrin hazırlanması və həyata keçirilməsidir.