Vəzifəsinin icrasına başladığı gündən verdiyi qərarlarla bütün dünyaya səs salan ABŞ prezidenti Donald Tramp bu dəfə İranla bağlı gərginlik yaradacaq yeni açıqlama verib.
Baki-xeber.com xəbər verir ki, İranın ballistik raket sınağı haqqında danışan Tramp, hərbi də daxil olmaqla, bütün cavab variantlarının masada olduğunu söyləyib.
Tramp, mətbuat nümayəndələrinin "İranın raket sınağı və Yəməndə Husilərin Səudiyyə gəmisinə hücumundan sonra hansı addımı atmağı düşünürsünüz, hərbi variant masadamı?" sualına cavabında masadakı bütün variantları dəyərləndirdiklərini deyib: "Heç bir variant masadan qaldırılmayıb".
Tramp özünün "Twitter" səhifəsində isə yazıb ki, "İran odla oynayır. Onlar prezident Obamanın İrana münasibətdə necə "xeyirxah" olduğunu lazımınca qiymətləndirmirlər. Mən isə belə olmayacağam!"
Bundan əvvəl Ağ Ev milli təhlükəsizlik müşaviri Mayk Flinn də İranın ballistik raket sınağı haqqında Vaşinqtonun Tehrana xəbərdarlıq etdiyini bəyan edib. Flinn bu bəyanatı İran ballistik raketi sınaqdan keçirdikdən və Tehranın dəstəklədiyi Husi silahlılarının Səudiyyə Ərəbistanına məxsus hərbi donanma gəmisinə hücum etdikdən sonra verib.
Flinn keçmişdə Obama administrasiyasının İranın təxribat xarakterli davranışına adekvat şəkildə reaksiya vermədiyini vurğulayıb: “Obama administrasiyası İranın bəd əməllərinə - o cümlədən silah ötürməsinə, terrorizmə dəstəyinə və beynəlxalq normaların başqa pozuntularına adekvat cavab verməyib”.
Flinn İranın “destabilləşdirici davranışını” pisləyərək son raket sınağının BMT Təhlükəsizıik Şurasının qətnaməsinə zidd olduğunu bildirib. Onun sözlərinə görə, İran rejimi ABŞ-a indiyədək sərgilədiyi mövqeyə görə minnətdarlıq göstərmək əvəzinə özünü qüdrətlənmiş hiss edir: “Bu gündən etibarən İrana rəsmən xəbərdarlıq edirik”.
“Tramp adminstrasiyası İranın Yaxın Şərq və ondan kənarda təhlükəsizliyi, firavanlığa və sabitliyə zərbə endirən və amerikalı həyatlarını riskə qoyan bu cür əməllərini pisləyir” – deyə Flinn bildirib.
Rəsmi Tehran isə ABŞ-ın son xəbərdarlıqlarını təxribat adlandırıb.
Qeyd edək ki, Səudiyyə gəmisinə edilən hücum Qırmızı Dənizdə baş verib. Husi qüvvələrinin hücumu nəticəsində iki səudiyyəli dənizçi həlak olub, üçü yaralanıb.
İranın Xarici İşlər Nazirliyi yaydığı bəyanatla “raket sınağının sırf müdafiə“ məqsədi daşıdığını və onun BMT Təhlükəsizlik Şurası qətnaməsinə zidd olmadığını bildirib. Həmin qətnamə İrana nüvə başlığı daşımağa imkan verən balltistik raketlər sınaqdan keçirməyi qadağan edir.