ABŞ prezidenti Donald Tramp sələfi Barak Obamanın Fələstin muxtariyyətinə ayırdığı 221 milyon dollarlıq yardımın icrasını dayandırıb.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə Fələstindəki yüksək çinli mənbə yerli “The Times of Israel” qəzetinə bildirib. Onun sözlərinə görə, ABŞ nümayəndələri Fələstinin Baş naziri Rami Həmdullaya bildiriblər ki, həmin vəsait hesaba yatırılmayacaq.
Qeyd edək ki, Obama administrasiyası sözügedən maliyyə yardımı üzrə sənədi səlahiyyətlərinin bitməsinə bir neçə saat qalmış – yanvarın 20-də imzalayıb. Bilindiyi kimi, həmin gün ABŞ-ın 45-ci prezidenti Donald Trampın inauqurasiyası keçirilib. Sənəd isə mərasimdən bir neçə saat öncə imzalanıb. Xəbərdə o da bildirilir ki, 221 milyon dollarlıq maliyyə yardımından əlavə Fələstin muxtariyyətinə 6 milyon dollar da ayrılıb ki, onun 4 milyonu iqlim dəyişikliyilə bağlı proqramlara, 1,25 milyon dolları isə BMT-nin müxtəlif bölmələrinə yönləndirilib.
Yanvarın 24-də ABŞ Dövlət Departamenti bəyan edib ki, keçmiş administrasiya rəhbəri Con Kerrinin də əlaqədar olduğu sözügedən pul köçürməsini araşdırır.
Xatırladaq ki, ötən il Fələstin muxtariyyəti yardım qismində ABŞ-dan 250 milyon dollar alıb. 221 milyonluq maliyyə yardımını isə Konqres dəstəkləsə də, amerikan qanunvericiləri ona qarşı çıxıb. Lakin Obama administrasiyası təzyiq göstərərk sənədi qəbul edib.