Suriya prezidenti Bəşər Əsədin təxminən on gün əvvəl beyin qanaması keçirdiyi, iflic olduğu barədə xəbərlər yayılıb.
Rəsmi Dəməşq Əsədin səhhəti barədə iddiaları təkzib etsə də, başda Suriya rəsmi xəbər agentliyi (SANA) olmaqla Suriya mediasında son 5 gündə Əsədə aid heç bir görüntü, xəbər və şəkilin yayılmaması da diqqət çəkir.
Onun ağır vəziyyətdə reanimasiyaya yerləşdirildiyi iddia edilir.
Belə bir vaxtda isə Visamel Hurra adlı qadın jurnalistin Əsədin yatdığı iddia edilən Şami Xəstəxanasının işçisi ilə telefon danışığı ortaya çıxıb. Dəməşqdə prezident sarayı yaxınlığında yüksək səviyyəli dövlət rəsmilərinin də müalicə aldığı Şami Xəstəxanasının işçisi ilə qadın jurnalist arasında keçən dialoqlar Əsədin sağlamlığı ilə əlaqədar şübhələri daha da artırır.
Bununla bağlı yayılan səs yazısında xəstəxana işçisi ilə danışandan sonra jurnalist bu sözləri deyir: “Şami Xəstəxanasından etiraf edirlər, Bəşər Əsəd bu xəstəxanadadır”.