ABŞ prezidenti Donald Trampın 2017-ci ildə Birləşmiş Krallığa nəzərdə tutulan rəsmi səfəri təxirə salına bilər.
Baki-xeber.com-un xəbərinə görə, buna səbəb onun şahzadə Çarlzla qarşılaşmaq istəməməsidir. “The Sunday Times” özünün Britaniya hökumətindəki mənbələrinə istinadən yazır ki, əsas səbəb Tramp və Çarlzın iqlim dəyişikliyi problemlərinə fərqli baxışlarının olmasıdır. Qəzet yazır ki, Trampın müşavirləri “ətraf mühitin mühafizəçisi” Çarlzın ABŞ prezidentinə “həyatı başa salmağı”nın onun üçün məhsuldar olmayacağını bildirib. Trampın ona kiminsə, hətta kral ailəsindən olsa belə, ona nəyisə izah etməsinə dözümsüz olduğunu bildirən administrasiya üzvləri, o üzdən onun şahzadə Çarlzla deyil, oğlanları Uilyam və Harri ilə görüşməsini istəyir. Trampın ən yaxın çevrəsindən adı açıqlanmayan mənbə isə deyib ki, Trampla şahzadə Çarlzı bir oraqda görüşdürənlər öncə bu barədə bir neçə dəfə düşünməlidir.
Xatırladaq ki, yanvarın 27-də ABŞ-a səfər edən Britaniya Baş naziri Tereza Mey Donald Trampın bu il II Yelizavetanın dəvətilə Böyük Britaniyaya səfər edəcəyini bildirib. Mey Trampın artıq həmin dəvəti qəbul etdiyini də deyib.