Suriyada təhlükəsizlik bölgəsi quracağını açıqlayan ABŞ prezidenti Donald Tramp bu dəfə də İŞİD terror qruplaşmasına qarşı hərbi əməliyyatları genişləndirməyə hazırlaşır.
Baki-xeber.com “New York Times” qəzetinə istinadən xəbər verir ki, prezident bununla bağlı Müdafiə Nazirliyinə (Pentaqon) “daha aqressiv bir plan” hazırlanması ilə bağlı göstəriş verməyə hazırlaşır.
Trampın yeni Suriya planının detallarını, adı açıqlanmayan ABŞ rəsmisinə istinadən açıqlayan qəzet yazır ki, hazırlanması nəzərdə tutulan yeni plana əsasən ABŞ ordusu İŞİD terror qruplaşmasının əsas mərkəzinə çevrilmiş Suriyanın Rakka şəhərində İŞİD-ə qarşı əməliyyatlarda artilleriya birlikləri və onların təhlükəsizliyini qorumaq üçün helikopterlərdən istifadə edəcək. Yeni planın bir ay ərzində hazırlanıb həyata keçirilməsi gözlənilir.
Mənbəyə görə, Ağ Ev Suriyada İŞİD-ə qarşı daha sərt hücumlara başlayacaq.
Tramp, seçki kampaniyası zamanı bir neçə dəfə İŞİD-i məğlub etmək üçün “gizli planı” olduğunu söyləmişdi, eyni zamanda ordu rəhbərliyinə yeni variantları dəyərləndirmələri üçün 30 gün vaxt verəcəyini də vurğulamışdı.
Bundan əvvəl də Pentaqonun Trampa təqdim etmək üçin İŞİD planı hazırladığı iddia edimişdi, ancaq daha sonradan Müdafiə Nazirliyi tərəfindən təkzib edilmişdi.
Hazırda ABŞ-ın Suriya torpaqlarında məsləhətçilik edən bir qrup əsgəri var.