ABŞ prezidenti Donald Tramp qeyri-qanuni mühacirətin qarşısını almaq məqsədilə ölkənin cənubunda Meksika ilə sərhəddə divarın inşasına dair iki sərəncam imzalayıb. Bununla Birləşmiş Ştatlara qaçqınların daxil olmasını məhdudlaşdırmaq və Amerikanın şəhərlərinin sənədləri olmayan miqrantlardan müdafiəsi nəzərdə tutulur.
Baki-xeber.com xəbər verir ki, yeni prezident mühacirətlə bağlı sərəncamlara ABŞ sərhədlərinə nəzarət etmək məsuliyyətinə malik Daxili Təhlükəsizlik nazirliyini zaiyarət edən zaman imza atıb. Qarşıdan gələn günlərdə də Trampın buna əlavə olaraq bir sıra başqa ölçülər götürəcəyi bildirilir.
Ağ Evdən verilən açıqlamada isə bildirilir ki, inşa ediləcək divarın pulunu Meksikadan alınacaq. Təxminən 3 min 200 kilometr uzunluğunda olması nəzərdə tutulan divarın inşası ilə əlaqədar büdcənin əvvəlcə federal hökumət tərəfindən qarşılanacağı, sonra isə pulun Meksika hökumətindən alınacağını ifadə edən Ağ Ev sözçüsü Şon Spayser "Meksika, bu pulu elə ya da belə ödəyəcək" deyə bildirib.
Bu sərəncamlar Trampın dörd il müddətinə Ağ Evə seçilmək üçün apardığı uzun kampaniyanın əsasında duran vədləri əks etdirir. Tramp kampaniyası dövrü qeyri-qanuni miqrantların Birləşmiş Ştatların təhlükəsizliyinə hədə törətdiyini və Amerika işçilərinin iş yerlərinin itirməsinə səbəb olduğu haqda fikirlər söyləyirdi. Kampaniya müddətində tədbirlər zamanı Tramp tərəfdarlarının ən çox bağırdığı şüarlardan biri “O divarı tikin!” idi.
Tramp ABC telekanalına divarın inşasının bir neçə ay ərzində başlayacağını və Meksikanın bunun pulunu ödəcəyini deyib. Meksika dəfələrlə bunu etməyəcəyini bildirib. Trampın ödənişin “çətin ola biləcəyini” qeyd etməsi Meksika tərəfindən ödənişin birbaşa Vaşinqtona edilməyəcəyinə işarə kimi dəyərləndirilir.
Ağ Evin sözçüsü Şon Spayser deyib ki, Birləşmiş Ştatlar sərhəd boyu sərhədi keçməyə cəhd göstərən miqrantlar üçün saxlanma mərkəzləri inşa edəcək. Onun sözlərinə görə, miqrantlara geri qayıtmaq üçün bir tərəfə bilet veriləcək.
Yeni prezidentin sərəncamlarının detalları hələlik məlum deyil, lakin burada qaçqınların ölkəyə daxil olması dörd ay müddətinə dayandırılır. Bununla yanaşı, ABŞ-a İraq, İran, Liviya, Suriya, Somali, Sudan və Yəməndən hər hansı bir şəxsin daxil olması 30 gün müddətinə qadağan edilməsi nəzərdə tutulur. Bu qadağanın öz ölkələrində azlıqların nümayəndələri olub, təqiblərə məruz qalmaq təhlükəsi ilə qarşılaşan insanlara şamil olunmadığı deyilir.