ABŞ prezidenti Donald Tramp, bütün tənqidlərə baxmayaraq, Rusiya ilə münasibətləri bərpa etmək niyyətindədir, çünki bu, ABŞ-ın maraqlarına uyğundur. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin mətbuat katibi Şon Spayser bildirib.
“Çünki o, razılıq əldə etməyi bacarır və o, ABŞ-ın maraqlarına cavab verən razılaşmalara nail olacaq”, - deyə Spayser jurnalistin Trampın Rusiya ilə münasibətləri bərpa etməyə çalışmasının səbəbinə dair sualına cavab olaraq bildirib.
“Moskva ABŞ-ın yeni prezidenti Donald Trampın Rusiya ilə ABŞ arasında normal əlaqələrin yaradılmasının lehinə olan mövqeyini bölüşür”. Bunu isə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Dövlət Dumasında keçirilən “Hökumət saatı”nda çıxışında bildirib. O deyib ki, Barak Obama dövründə Rusiya-ABŞ münasibətlərinə dəyən ziyanı aradan qaldırmaq üçün vaxt və ciddi iş tələb olunur: “Biz, prezident Putin qeyd etdiyi kimi, xalqlarımızın və qlobal təhlükəsizlik və sabitlik maraqları baxımından münasibətlərin sağlamlaşdırılmasına hazırıq”.
S. Lavrov ABŞ və Avropa Birliyi ilə dialoqun bərabərhüquqlu, qarşılıqlı hörmət və maraqların nəzərə alınması prinsipləri çərçivəsində qurulmasının mümkün olduğunu vurğulayıb.