ABŞ prezidenti Donald Tramp Çinlə müharibə edə və son nəticədə uduza bilər.
Baki-xeber.com-un xəbərinə görə, belə bir iddia ilə “Time” qəzeti çıxış edib. Qəzet bildirir ki, Tramp administrasiyası Çinlə “soyuq müharibə” apara bilər, lakin onun qələbə şansları çox aşağıdır. Qəzetin yazdığına görə, hələlik Ağ Ev Pekini “Tayvan və Cənubi Çin dənizilə ticarətlə bağlı provokatıv fəaliyyətilə test edir”.
Xatırladaq ki, seçki kampaniyası dönəmində Tramp Çini amerikan iş yerlərini mənimsəməkdə ittiham edərək, ölkədən mal və məhsul çıxışına 45 faizlik vergi tətbiqini vəd etmişdi. Lakin qəzetin fikrincə, bundan daha pisi Trampın rəsmi Pekinin nəzərində üsyançı əyalətdən başqa bir şey olmayan Tayvanla əlaqələri dəstəkləməsi oldu. Nəşr yazır ki, baş verənlər nüvə dövlətləri arasında “yeni silahlanma yarışı”na səbəb olmuş Trampın prezidentliyi dönəmində dünya düzəninin qorxulu istiqamətdə dəyişəcəyindən xəbər verir. Üstəlik, hərbi gücünün pik həddində olan Çinə digər ölkələr də meyllənir ki, bunlardan biri ABŞ-ın sədaqətli dosti Filippindir. Nəşr yazır ki, bu ölkə ötən il Rodriqo Dutertenin prezident seçilməsindən sonra artıq Vaşinqtondan üz döndərərək Çinlə yaxınlaşma kursu götürüb. Nəşr bu kontekstdə Yaponiya və Cənubi Koreyada amerikan hərbi bazalarının ölkədən çıxarılası yönündə çağırışlara diqqət çəkir və bu ölkələrin artıq Çinlə münasibətləri yoluna qoyduğunu yazır.
Beləliklə də, nəşrin fikrincə, qlobal liderliyin Çinin əlinə keçməsi reallığa yaxınlaşır. Liderliyə öyrəşmiş Amerikanın bu situasiya ilə barışmasının mümkünsüzlüyü isə iki ölkə arasında münasibətlərə ürəkaçan perspektiv vəd etmir...