İŞİD terror qruplaşması qədim Palmira şəhərində Roma amfiteatrının bir hissəsini məhv edib. Dövlət mediasının xəbərində deyilir ki, ikinci əsrdə inşa edilən amfiteatrın fasadı və Tetrapilon adlanan dörd tərəfli Roma abidəsi məhv edilib.
Cihadçılar UNESCO-nun siyahısında olan arxeoloji ərazini hökumət qüvvələrindən dekabr ayında geri alıblar. Bundan əvvəl 2016-cı ilin mart ayınadək Palmira şəhəri on ay İŞİD-nin nəzarəti altında olmuşdu. Rusiyanın dəstəyi ilə hökumət quvvələri tərəfindən şəhəri tərk etməyə məcbur ediləndən əvvəl qruplaşma şəhərdə başqa qədim abidələri də məhv etmişdi. Hökumət qüvvələrinin Palmiranı ələ keçirməsindən sonra Rusiya amfiteatrda klassik müsiqi konserti keçirmişdi.
Suriya qədim abidələr qurumunun rəhbəri Maamun Abdulkərim abidələrin məhv edilməsini “Reuters” xəbər agentliyinə təsdiqləyib, lakin bu hadisənin nə vaxt baş verdiyini bilmədiyini əlavə edib.
İnsan haqları üzrə Suriya monitorinq mərkəzi isə islamçıların son günlər bu ərazidə edamlar həyata keçirdiklərini, təkcə çərşənbə günü 12 nəfərin edam olunduğunu xəbər verir.