Ukrayna prezidenti Petro Poroşenkonun sahibi olduğu “Roshen” korporasiyası Rusiyanın Lipetsk şəhərindəki fabrikini bağlayır.
Baki-xeber.com BBC-yə istinadən xəbər verir ki, qərarın verilməsində siyasi səbəblər də var. Ukraynadakı böhrandan sonra Rusiya rəhbərliyi müəssisənin fəaliyyətinə öz etirazını bildirmişdi.
"Roshen” korporasiyası Lipetskdəki qənnadı fabrikinin istehsal fəaliyyətini dayandırır. Bu qərar iqtisadi və siyası səbəblər nəticəsində qəbul edilib", - deyə Ukrayna şirkətinin saytındakı məlumatda bildirilib.
Karamel, iris, jeleli konfetlər və peçenye istehsalı ilə məşğul olan fabrikin fəaliyyətini tam dayandırması bu ilin aprel ayına - artıq alınmış xammal istifadə edildikdən sonraya nəzərdə tutulub.
Lipetskdəki fabrik Ukraynanın hazırkı prezidenti tərəfindən 2001-ci il yaradılıb. “Roshen” şirkətinin sahibi olan Poroşenkonu prezident seçilənə qədər KİV-lərdə həmişə "şokolad kralı" adlandırırdılar.
Prezident seşilməmişdən əvvə isə Poroşenko qənnadı biznesini satacağını vəd etsə də, vədinə əməl etmədi. 2016-cı ilin yanvarında isə aksiyaların " Rothschild Trust" fonduna verildiyini açıqladı.
Rusiya dəfələrlə Poroşenkonun Lipetskdəki fabrikinə öz etirazını bildirib. 2014-cü ildə Rusiyanın "Obyedinyonnıe konditerı " holdinqi “Roshen”in məhsul nişanlarından qeyri-qanuni istifadə etməsi barədə iddia qaldırmışdı. Nəticədə “Roshen”in hesabları bağlansa da , ilin sonuna qədər məhkəmə işinə xitam verilmişdi. 2015-ci ildə isə Rusiya İstinaq Komitəsi fabrik tərəfindən 180 milyon rubl (3 milyon dollar) dəyərində olan verginin qeyri-qanuni kompensasiya edilməsinə qarşı iddia qaldırıb. Moskvanın Basman məhkəməsi isə fabrikin əmlakına 2 milyard rubl (33.5 milyon dollar) həbs cəzası kəsib. Şirkət o zaman rəhbərliyi Rusiyada aktivlərin satışını həyata keçirməyə mane olmaq cəhdində ittiham edib.
"Şirkətin əmlakına qoyulan həbs cəzası fabrikin satışını mümkünsüz hala gətirdi. Bundan başqa fabrikin fəaliyyətinə qarşı Rusiya və Ukrayna KİV-lərində davamlı kampaniya aparlırdı. "Roshen” konfetlərini satan ticarət obyektlərinə rəhbər orqanlar təzyiq göstərirdilər" - deyə “Roshen”in açıqlamasında bildirilib.
Nəhayət, Rusiyada "ümumilikdə alıcılıq qabiliyyətinin səviyyəsi aşağı düşdü", Lipetskdəki istehsal səviyyəsi 3 dəfə azaldı. “Roshen” bunun əsas səbəblərindən biri kimi, 2013-cü ildə qəbul edilən qənnadı məhsullarının idxalına qoyulan qadağanı göstərib.
"Fabrik bağlandıqdan sonra kollektivin Rusiya standartlarına görə normal maaş alan 700 nəfər işçi qüvvəsi işsiz qalacaq. Onların hamısı qanuna görə təzminat alacaqlar"- deyə Lipetsk fabrikinin baş direktoru Oleq Kazakov bildirib.