Rusiyada işləyən ABŞ diplomatları vaxtaşırı qadın paltarı geyərək icazəsiz aksiyalara və informatorlarla görüşlərə qatılıblar. Baki-xeber.com xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
Onun sözlərinə görə, ABŞ səfirliyinin diplomatlarının dəfələrlə Rusiya müxalifətinin mitinqlərində, hökumətə qarşı mitinqlərdə iştirakı qeydə alınıb. Nazir bildirib ki, bu halların bəzilərində diplomatlar xarici görkəmlərini dəyişiblər.
Lavrov diplomatın qadın geyimində girdiyi ayaqyolunda paltarını dəyişərək kişi kostyumu geyməsindən danışıb. Onun sözlərinə görə, ABŞ səfirliyinin əməkdaşları xüsusi diplomatik nömrəsi olmayan, icarəyə götürülmüş maşınlarla ölkəni (Rusiyanı) gəzirlər. Nazir qeyd edir ki, onları Kalininqrad, Leninqrad, Murmansk vilayətlərində, Novorossiysk və Çeçenistanda görüblər. Lavrov deyib ki, onlar hətta Donbasla sərhəddə "eninə-uzununa hər yeri gəziblər".
Bundan əvvəl Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə bildirib ki, ABŞ-ın xüsusi xidmət orqanları Rusiyanın ABŞ-dakı diplomatik missiyasının əməkdaşını öz tərəflərinə çəkməyə çəhd göstəriblər. Guya onlar bu cəhdi həmin diplomat Rusiyanın keçmiş baş naziri Yevgeni Primakov üçün dərman almaq istəyəndə ediblər.
Zaxarova qeyd edib ki, bütün gərəkən arayış və sənədlər hazır olsa da, diplomat dərman üçün aptekə gəldiyi zaman ABŞ xüsusi xidmət orqanlarının əməkdaşları ona yaxınlaşaraq onu mağazanın mobil rabitənin tutmadığı zirzəmisinə aparıblar. Guya konsulluq işçisini zirzəmidə bir saata yaxın saxlayıblar, onu qanunsuz dərman ticarətində suçlayaraq şantaj ediblər və bu yolla onu öz tərəflərinə çəkməyə çalışıblar. Zaxarova gileylənib ki, həmin əməkdaşın əlindən dərmanı alıblar, pulunu da qaytarmayıblar.
Kremlin sözçüsü Dmitri Peskov isə, Moskvanın ABŞ kəşfiyyatı tərəfindən Rusiya diplomatlarına təzyiqlərin detallarını, bir neçə gündən sonra vəzifədən gedəcək mövcud ABŞ rəhbərliyinin dostca olmayan açıqlamalarına görə ifşa etdiklərini söyləyib.
Peskov prezident Barak Obama dövründə ABŞ kəşfiyyatının xaricdəki rus diplomatlara təzyiq etdiyini, kəşfiyyat topladığını və dostca olmayan açıqlamalar verdiyini ifadə edib. Bu cür hadisələrin həqiqətən yaşanıb-yaşanmadığına dair bir sualı cavablayan Peskov, "Bu doğrudur. Bu cür məlumatlar ictimaiyyətə açıqlanmaz. Ancaq ABŞ rəhbərliyinin aqressiv və düşmən hərəkətlərinə görə bu cür hadisələrin yaşandığını xatırlatmağa məcburuq" deyə bildirib.
Son bir ildə Rusiya ilə ABŞ arasında diplomatik münasibətlər kəskin pisləşib.
Bu yaxınlarda isə Birləşmiş Ştatlar Rusiya diplomatik missiyasının 35 əməkdaşını ölkədən çıxarmaq barədə qərar qəbul edib. Obama persona non-qrata elan olunmuş şəxsləri birbaşa "kəşfiyyat agentləri" adlandırıb.
Rusiyanın Xarici İşlər Nazirliyi diplomatlarının ABŞ-dan çıxarılmasına cavab olaraq simmetrik tədbirlər görəcəyini vəd edib.