ABŞ Bosniya və Herseqovinanın tərkib hissəsi olan Serb Respublikasının prezidenti Milorad Dodikə qarşı sanksiyalar tətbiq edib.
Baki-xeber.com xəbər verir ki, sanksiyalara səbəb kimi Dodikin 1995-ci ildə Bosniya müharibəsi başa çatandan sonra imzalanmış Deyton müqaviləsinin icrasına daim mane olmasıdır.
ABŞ-ın Sarayevo səfirliyinin yaydığı məlumatda bildirilir ki, Dodik Bosniya və Herseqovinanın Konstitusiya Məhkəməsinin qərarlarına qarşı çıxıb: "Dodik, Deyton razılaşmasının həyata keçirilməsi baxımından təhlükə kəsb edir. Maliyyə Nazirliyi və Dövlət Departamentinin qərar verdiyi bu sanksiyalar bizim Dayton sülh müqaviləsinə bağlı olduğumuzu, Bosniya və Herseqovinanın suverenlik, ərazi bütövlüyü və Avropaya inteqrasiyasını dəstəklədiyimizin göstəricisidir".
Sanksiyalara əsasən ABŞ ərazisində Bosniya serblərinin liderinə məxsus hər hansı aktiv dondurulacaq.
Bosniya və Herseqovinanın təhlükəsizlik naziri Dragan Mektic isə, ABŞ-ın Dodiki "qara siyahı” salmasının alçaldıcı olduğunu deyib: "Məncə bu həm Serb Respublikası, həm də Bosniya və Herseqovina üçün alçaldıcıdır. Bu vəziyyət Serb Respublikasının nüfuzuna xələl gətirəcək. Ən yaxşısı onun vəzifədən istefa verməsidir”.
Xatırladaq ki, ötən ilin sentyabrında Serb Respublikasında Bosniya və Herseqovina Konstitusiya Məhkəməsinin "konstitusiyaya ziddir" qərarına baxmayaraq, keçirilmiş qanunsuz referendumun bütün iştirakçıları 9 yanvar Respublika gününün qeyd edilməsi ideyasını dəstəkləmişdilər. Bosniya Konstitusiya Məhkəməsi bu referendumu qadağan etmiş, Qərb ölkələri də serblərin hərəkətini pisləmişdi. Məhz 1992-ci il yanvarın 9-da – qanlı Bosniya müharibəsinin başlamasından üç ay əvvəl Serb Respublikası elan olunmuşdur.
Keçən ilin axırlarında isə Dodik Serb Respublikasının Bosniya və Herseqovinadan ayrılmasına dair referendum təşkil ediləcəyini bildirib. Ümumxalq səsverməsi bu ilin ilk yarısında keçirilməlidir.
Dodikin, ABŞ-ın yeni seçilən prezidenti Donald Trampun andiçmə mərasiminə qatılmaq üçün viza müraciəti də ABŞ tərəfindən rədd edilib.