Rusiya və Türkiyənin döyüş təyyarələri ilk dəfə olaraq Suriyada İŞİD terrorçularına qarşı əməliyyat keçirib.
Baki-xeber.com xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi, ötən ay Türkiyə quru qoşunlarının ağır itkilərə məruz qaldığı əl-Bab şəhəri ətrafındakı İŞİD mövqelərinə hava zərbələri endirildiyi barədə məlumat yayıb. Türkiyə ordusunun məlumatında da deyilir ki, Rusiya Türkiyə ilə əlaqələndirmə şəraitində hava zərbələri endirib.
Rusiya Müdafiə Nazirliyinin sözçüsü general-leytenant Sergey Rudskoy deyib ki, yanvarın 18-də keçirilmiş hava əməliyyatında 10 Rusiya və 8 Türkiyə təyyarəsi iştirak edib. Rusiyanın bir Su-34, 4 Su-24, 5 Su-25, Türkiyənin isə 4 F-16 və 4 F-4 döyüş təyyarələri birlikdə Əl Bab bölgəsində İŞİD-ə aid 36 hədəfə raket zərbəsi endirib.
Rudskoy deyib ki, Türkiyə və Rusiya Hərbi Hava qüvvələrinin birgə əməliyyatı "çox effektli" olub.
Ekspertlər vurğulayırlar ki, bu, ümumilikdə NATO üzvü ilə Rusiyanın birgə keçirdiyi ilk hərbi əməliyyat sayılmalıdır və indiyədək misli görünməmiş hadisədir.
Rusiya döyüş təyyarələri əvvəllər də Əl Bab ətrafındakı İŞİD hədəflərini bombalamışdı.
Əl-Bab şəhəri Türkiyə sərhədindən 20 kilometr aralıda Suriya ərazisində yerləşir. Türkiyə qoşunları artıq 5 aya yaxındlır ki, İŞİD-in nəzarətində olan bu şəhəri ələ keçirməyə çalışır. Türkiye 24 avqustda başlatdığı Fırat Qalxanı əməliyyatı çərçivəsində Cerablus-Azez xəttini İŞİD-dən təmizləyib. Hazırda türk ordusu və Türkiyənin dəstəklədiyi Azad Suriya Ordusu (OSO) cənubda Əl Baba yaxınlaşıb.
Terror təşkilatı üçün strateji əhəmiyyəti daşıyan Əl Bab mahalının yaxın gönlərdə İŞİD-dən təmizlənəcəyi gözlənir. İraqın ən böyük ikinci şəhəri Mosulda da sıxışdırılan terror təşkilatı, Suriyadakı mərkəzi Rakkada da mühasirə altındadır. Əl Babın azad edilməsi İŞİD üçün böyük bir məğlubiyyət olacaq və terrorçular şərqə doğru çəkiləcək.