ABŞ prezidenti seçilmiş Donald Tramp bildirib ki, onun andiçmə mərasiminə dəvət olunan və mərasimi baykot etmək istəyən insanlar biletləri qaytarmalıdırlar.
“Mərasimə qatılmayacaq insanlara gəlincə, hər şey qaydasındadır, çünki bizə boş yerlər lazımdır və ümid edirəm ki, onlar biletləri mənə qaytaracaqlar”, - deyə Tramp Fox News televiziyasına müsahibəsində bildirib.
Bundan əvvəl məlum olub ki, azı 38 konqresmen və demokrat etiraz əlaməti olaraq Trampun andiçmə mərasimində iştirak etməmək qərarına gəliblər. Ənənəyə görə Nümayəndələr Palatası və Senatın bütün üzvləri prezidentin andiçmə mərasiminə dəvət olunurlar. Mərasim Konqresin qarşısında keçirilir.
Tramp hesab edir ki, yanvarın 20-də keçiriləcək mərasimdə rekord həddə adam iştirak edəcək.
Təşkilatçıların sözlərinə görə, Konqresdən Linkolnın abidəsinədək uzanan Vaşinqtondakı mərkəzi bulvarda keçiriləcək bayram tədbirlərinə 3 milyonadək insan qatıla bilər. Təkcə Vaşinqtonun mərkəzində keçiriləcək tədbirə 900 minədək adam toplaşa bilər.
2009-cu ildə indiki prezident Barak Obamanın andiçmə mərasimi zamanı keçirilən tədbirlərə 1,8 milyon adam qatılşmışdı.