İstanbulun mərkəzindəki gecə klubunda Yeni il gecəsi terror aktı törətməkdə şübhəli bilinən şəxs saxlanıb.
Baki-xeber.com-un xəbərinə görə, "Əbu Məhəmməd Xorasani" kod adlı Abdulkadir Maşaripov əməliyyat-axtarış tədbirləri nəticəsində İstanbulun Esenyurt rayonunda əsasən miqrantların yaşadığı binada yaxalanıb. Onunla birgə daha 4 nəfər - Misir və Afrikanın müxtəlif ölkələrindən olan 3 qadın və iraqlı bir kişi saxlanıb.
İstanbul valisi Vasip Şahin bildirib ki, yaxalanmış terrorçu Yeni il gecəsi “Reina” gecə klubunda cinayət törətdiyini etiraf edib. “Onun barmaq izləri hadisə yerindən götürülən barmaq izləri ilə üst-üstə düşüb. Cinayətkar 1983-cü il təvəllüdlü Özbəkistan vətəndaşıdır” – deyə vali bildirib.
Onun sözlərinə görə, terrorçu Türkiyəyə sərhədi qanunsuz keçərək daxil olub. O, Əfqanıstanda təlim keçib, 4 dil bilir. “Reina”da terror aktını İŞİD adına həyata keçirib.
Terrorçunun saxlandığı mənzildə ona məxsus 197 min dollar, tapança, SİM kartlar, eləcə də dron aşkarlanıb.
Xatırladaq ki, Yeni il gecəsi naməlum şəxsin İstanbulun Ortaköy rayonunda yerləşən “Reina” gecə klubuna etdiyi silahlı hücum nəticəsində 39 nəfər ölüb, 69 nəfər yaralanıb. Hadisədən iki gün sonra məlum oldu ki, qətliamı törədən şəxs ötən ilin noyabr ayında ailəsi ilə birlikdə Konyaya gəlib.
Onu da bildirək ki,olay sonrası hadisənin məsuliyyətini İŞİD terror qruplaşması öz üzərinə götürüb.
İstanbul valisi Vasip Şahinin sözlərinə görə, bu iş çərçivəsində Türkiyənin müxtəlif bölgələrində 152 adresdə əməliyyat keçirilib, 50 nəfər saxlanıb. Dünən isə 5 ünvanda polis əməliyyat keçirib və terrorçu bu ünvanların birində tutulub.
Türkiyənin baş naziri Binəli Yıldırım da “Reina” gecə klubunda terror aktı törədən şəxs dindirildiyini deyib B. Yıldırım deyib ki, bununla bağlı bir çox detallar var, amma istintaq mərhələsindədir: "Zamanla bu barədə ictimaiyyətə məlumat veriləcək. Önəmli olan alçaq cinayəti törədən şübhəlinin saxlanılması və onun arxasındakı qüvvələrin ortaya çıxarılmasıdır”.