Bu gün səhər saatlarında Türkiyənin "MyCARGO Airlines" şirkətinə məxsus "Boeing 747-400" yük təyyarəsi Qırğızıstanda Bişkekin “Manas” hava limanı yaxınlığında qəzaya uğrayıb.
Təyyarənin yaşayış qəsəbəsi üzərində qəzaya uğraması nəticəsində ekipaj üzvləri və qəsəbə sakinləri də daxil omaqla 37 nəfərin həlak olduğu bildirilir.
Qəzaya uğramış Türkiyəyə məxsus “Boeing 747-400” təyyarəsinin “qara qutu”su aşkar edilib. Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir. Məlumata görə, hadisə yerində aşkar olunmuş "qara qutu" qəzanı araşdıran xüsusi hökumət komissiyasına təhvil veriləcək.
Qeyd edək ki, qəzanın səbəblərinin araşdırılması üçün Bişkekə Dövlətlərarası Aviasiya Komitəsinin ekspertləri gələcəklər.
Türkiyənin Nəqliyyat, Gəmiçilik və Kommunikasya Nazirliyi Qırğızıstanda “Boeing 747-400” yük təyyarəsinin qəzaya uğramasının səbəblərinin araşdırılması üçün Bişkekə iki ekspertdən ibarət komissiya göndərəcək. Nazirliyin məlumatda qeyd olunur ki, Türkiyənin nəqliyyat, gəmiçilik və kommunikasya naziri Əhməd Arslan qırğızıstanlı həmkarına başsağlığı verib və Ankaranın bu məsələnin araşdırılmasında yardıma hazır olduğunu bildirib.