İslandiya XİN Reykyavikdə ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə sammitin keçiriləcəyi barədə yayılan xəbərləri təkzib edib.
Baki-xeber.com-un “İnterfax”a istinadən xəbərinə görə, bununla belə, bu ölkənin xarici siyasət idarəsinin başçısı Qudlauqur Tor Tordarson bildirib ki, müraciət olunarsa, sözügedən tədbirin təşkilinə yardım etməyə hazırdır. İslandiyalı nazirin sözlərinə görə, təmsil etdiyi hökumətə belə bir müraciət daxil olmayıb və rəsmi Vaşinqton Reykyavikdə sammit keçirilməsilə bağlı xahiş edərsə, yəqin ki bu, müsbət dəyərləndirilər.”Beləliklə də ABŞ-Rusiya münasibətlərinə öz töhfəmizi vermiş olarıq”- o deyib.
Xatırladaq ki, daha öncə Britaniyanın “Sunday Times” qəzeti Donald Trampın səlahiyyətlərinə başlamasının dərhal ardından Reykyavikdə Vladimir Putinlə görüş keçirmək istədiyi barədə xəbər yaymışdı. Qəzet bununla həm də ona diqqət çəkmişdi ki, ABŞ-ın yeni prezidenti ilk xarici səfərini 30 il öncə Ronald Reyqanla Mixail Qorbaçovun görüşdüyü şəhərə etməklə burada Rusiya liderilə görüşmək niyyətindədir.