ABŞ prezidenti postunu tərk etmək üzrə olan Barak Obama bu dar macalda Rusiyaya qarşı Ukrayna ilə bağlı sanksiyanın müddətinin bir il uzadılması ilə bağlı sənəd imzalayıb.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə Ağ Evdən verilən açıqlamada deyilir. Bildirilir ki, prezidentin bu göstərişi Federal reyestrdə dərc olunduqdan sonra Konqresə göndəriləcək.
Bundan əlavə, Obama cümə günü Senatın Nümayəndələr Palatasının spikerinə məktub yazaraq martda bitən anti-Rusiya sanksiyalarının müddətinin uzadılmasını təklif edib. Rusiyanın Krımı anneksiyası və Ukraynaya güc tətbiqi ilə həm də dünyaya təhlükə olduğunu bəyan edən Obama məktubunda məhz bu səbəbdən sanksiyaların uzadılması ilə bağlı son əmri imzaladığını bildirib.
Xatırladaq ki, ABŞ-ın anti-Rusiya sanksiyaları barədə qərarı 2014-cü ilin 6 martında verilib. Sözügedən məktubda həmin sanksiyaların 2017-ci ilin 6 martından uzadılması təklif olunur.