Çin bir neçə gündən sonra rəsmən fəaliyyətə başlayacaq yeni ABŞ rəhbərliyini müharibə ilə təhdid edib.
Baki-xeber.com xəbər verir ki, bu dəfə Donald Trampun dövlət katibliyinə namizədi Reks Tillersonın "Çinin, Cənubi Çin dənizindəki adalara girişinin qarşısını almalıyıq" sözləri Pekində sərt etirazla qarşılanıb.
Çinin rəsmi “Global Times” qəzeti yazır ki, Tramp administrasiyası, vəzifəyə gəldikdən sonra belə bir planları varsa, hərbi qarşıdurmaya hazırlıqlı olmalıdır. Əks halda belə bir cəhd “axmaqlıq olar".
"Çinin mövcud hərbi gücü və bu istiqamətdə hazırlığını nəzərə aldıqda, gələcək Vaşinqton rəhbərliyi irimiqyaslı müharibəyə getməsə Çinin Cənubi Çin dənizindəki adalara girişinin qarşısını ala bilməyəcək" - qəzet yazır.
Qeyd edək ki, keçən ay Tayvan lideri Tsai Inq-Venin Trampa telefonla təbrik etməsi də, Çinin etirazına səbəb olmuşdu. Bir həftə sonra hakimiyyəti təhvil alacaq Tramp, Tayvan prezidenti ilə birbaşa telefonla əlaqə saxlayaraq, 1979-cu ildə rəsmi əlaqələr kəsildiyindən bəri davam edən ənənəni pozub.
ABŞ, müstəqilliyinin tanınmasını istəyən Tayvanı Çin dövlətinin bir parçası kimi qəbul edir. 1970-ci illərdə ABŞ prezidenti Riçard Niksonun Çinə səfərindən sonra ABŞ Tayvandakı konsulluğunu bağlamışdı.