ABŞ-ın yeni prezidenti Donald Trampla onun gələcək müdafiə naziri James Mattis arasında İran və Rusiya ilə bağlı kəskin ziddiyyəti olduğu ortaya çıxıb. Baki-xeber.com xəbıər verir ki, bu barədə "The İndependent" məlumat yayıb.
Gələcək müdafiə naziri Senatda vəzifəyə təsdiq edilməsi üçün keçirilən dinləmədə deyib ki, dünya nizamı İkinci Dünya Müharibəsindən sonra ən böyük hücum təhlükəsi altındadır. General iddia edib ki, Vladimir Putin Şimali Atlantika Alyansını sındırmağa cəhdlər göstərir və ABŞ özünü müdafiə etmək üçün addımlar atmalıdır.
O, İranla nüvə silahına dair saziş barədə suala cavab verərkən bildirib ki, Tehran Yaxın Şərqdə ən böyük sabitsizlik mənbəyidir, lakin ABŞ onunla bağladığı sazişə əməl etməlidir.
"The İndependent" yazır ki, generalın iki bəyanatı onun birbaşa komandanı olacaq Donald Trampla aralarındakı kəskin ziddiyyəti göstərib.
Tramp Rusiyanın ABŞ seçkisinə müdaxiləsi barədə məlumatları "axmaq iddialar" kimi rədd etmiş və ölkənin kəşfiyyat xidmətlərini Rusiyaya dair saxta xəbərlərlə oynamaqda günahlandırmışdı. Tramp NATO-nu köhnəlmiş bir təşkilat kimi tənqid etmişdi, lakin general Mattis təşkilatı "müasir tarixdə, bəlkə də ümumiyyətlə tarixdə ən uğurlu hərbi alyans" adlandırıb. Tramp özünün namizədlik kampaniyası zamanı dəfələrlə elan edib ki, Barak Obama administrasiyasının İranla imzaladığı sazişi cırıb atacaq. General Mattis isə deyib ki, ABŞ İranın regional hegemonluğa can atan strategiyasını nəzarətdə saxlamalıdır: "Amerika nədəsə söz verirsə, biz bu sözün ağası olmalıyıq və öz müttəfiqlərimizlə işləməkdə davam etməliyik".
Başqa sözlərlə general sazişi saxlamağın tərəfdarı olduğuna işarə edib.