Yanvarın 20-də Vaşinqtonda ABŞ-ın yeni prezidenti Donald Trampın andiçmə mərasiminə mane olmaq üçün geniş etiraz aksiyasının keçirilməsi planlaşdırılır.
Baki-xeber.com BBC-yə istinadən xəbər verir ki, minlərlə etirazçı (onların sırasına Disruptj20 və Black Lives Matter qrupları da daxildir) Trampın and içəcəyi Kapitoli və Pennsylvania Avenue boyunca mərasimin keçiriləcəyi yerdə 12 buraxılış məntəqəsini, yəni Ağ Evə aparan əsas küçələri bağlayacaqlarını bildiriblər.
Bundan başqa, onlar nümayiş və yolların bağlanmasının köməyi ilə andiçmə mərasimindən sonra baş tutacaq ziyafətə də mane olmaq istəyirlər. Təşkilatçılar başqa "sürprizlərin" olacağına da söz verirlər, lakin bu zaman Tramp tərəfdarları ilə toqquşmalardan da ehtiyatlanırlar.
Aksiya təşkilatçıları etirazların ABŞ-ın digər şəhərlərində, eləcə də xarici ölkələrdə ABŞ səfirlikləri qarşısında keçirilməsinə çağırışlar edib.
Vaşinqtonda ABŞ-ın yeni prezidentinin andiçmə mərasimi günü müxtəlif aksiyaların keçirilməsinə görə, ümumilikdə 27 qrup icazə alıb. Bu əvvəlki illərdə baş tutan andiçmə mərasimləri zamanı keçirilən nümayişlərlə müqayisədə dörd dəfə çoxdur.
Gözlənilir ki, bu dəfə Trampın andiçmə mərasimini 800 min tamaşaçı izləyəcək. Onların təhlükəsizliyini təmin etməyə 15 min nəfərdən çox güc strukturu əməkdaşı yönəldilib.
Nə Tramp, nə də ki, onun komandası bu məsələ barədə hələlik şərh verməyib.