Kipr üzrə danışıqlar yanvarın 18-də texniki səviyyədə Cenevrədə davam etdiriləcək. Trend-in Anadolu agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu jurnalistlərə bildirib.
"Danışıqlar texniki səviyyədə yanvarın 18-də davam edəcək", - Çavuşoğlu deyib.
O qeyd edib ki, danışıqların iştirakçı heyyəti yanvarın 12-də olduğu kimi qalacaq: BMT-nin nümayəndələri, Kipr tərəfləri, Böyük Britaniya, Yunanıstan, Türkiyə və Avropa İttifaqının nümayəndə heyəti.
M.Çavuşoğlu onu da deyib ki, Ankara Kipr üzrə qarant-ölkələrin rolunun Avropa İttifaqına keçməsinin qəti əleyhinədir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə bəyan edib ki, Türkiyə qoşunlarının Kiprdən çıxarılması müzakirə olunmur. Dövlət başçısı Türkiyə qoşunlarının Kiprdən çıxarılmasının əleyhinə olduğunu bildirib: "Şimali Kipr danışıqlarda səmimi mövqe nümayiş etdirir. Yunanıstan zamin ölkə qismində Türkiyə olmadan adanın probleminin həllini gözləməməlidir. Türkiyə Kiprdə qalacaq. Hətta Türkiyə hərbçilərinin Kipri tərk etməsindən söhbət gedə bilməz".
Qeyd edək ki, Kiprə müstəqillik verilməsi üzrə 1960-cı il razılaşmasına əsasən, Kiprin müstəqilliyi və təhlükəsizliyinin qarantları qismində Böyük Britaniya, Yunanıstan və Türkiyə seçilib.