Suriya prezidenti Bəşər Əsəd yanvarın 23-də Astanada Suriya böhranının həlli ilə bağlı sülh danışıqlarında bütün mövzuları müzakirə etməyə hazır olduğunu bəyan edib. Əsəd qeyd edib ki, danışıqların uğuru, müxalifətin onda neçə iştirak etməsindən asılı olacaq.
Baki-xeber.com xəbər verir ki, o bunu fransalı jurnalistlərə müsahibəsində deyib.
Əsəd deyib ki, ona loyal qüvvələr "qələbə yolundadır". Onun sözlərinə görə, üsyançıların həlledici məğlubiyyət anı Hələb müharibəsi zamanı olub. Lakin Suriya prezidenti hesab edir ki, şəhərin hökumət qoşunlarının nəzarəti altına keçməsini hələ son qələbə kimi qiymətləndirmək olmaz. "Qələbə bütün terrorçuların məhv edildiyi an olacaq", - Bəşər Əsəd əlavə edib.
Dinc əhali arasında çoxsaylı qurbanlara səbəb olan Hələbin bombalanması barədə danışan Suriya prezidenti qeyd edib ki, "xalqın azadlığının qiyməti belədir".
Əsəd deyib ki, qarşıdurmanın başa çatdırılması, yaxud Suriyanın gələcəyindən söhbət gedirsə, hər mövzu müzakirə edilə bilər. O, prezident postunu tərk etməsi ilə bağlı məsələnin müzakirəsinin də mümkün olduğunu, ancaq prezidentin hansı yollarla dəyişməsinin mümkün olduğunun Suriya Konstitusiyasında əksini tapdığını vurğulayıb. Əsəd deyib ki, bu Suriya xalqının iradəsindən asılı məsələdir.
Qeyd edək ki, Rusiya, Türkiyə və İran Əsəd və müxaliflərə Qazaxıstanın paytaxtı Astanada sülh danışıqları aparılmasını təklif ediblər və bu yaxınlarda bununla bağlı razılıq əldə olub. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun sözlərinə görə, danışıqlar yanvarın 23-də keçirilə bilər.
Atəşkəs dekabrın 30-da qüvvəyə minib, bəzi pozuntu halları olsa da, silahlar hazırda əsasən susub. 5 ildən çoxdur ki, davam edən Suriya müharibəsində 270 mindən çox adam ölüb.