İŞİD terror qruplaşması ilə mübarizə aparmayan ölkələrin Türkiyənin "İncirlik" aviabazasında yeri yoxdur. Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu BMT-nin yeni baş katibi Antonio Quterreşlə görüşdən sonra deyib.
Nazir qeyd edib ki, İŞİD terror qruplaşmasına qarşı mübarizə bəhanəsi ilə bu aviabazadan istifadə edən, lakin faktiki olaraq fəaliyyətsiz qalan ölkələrin "İncirlik"də heç bir işi olmamalıdır.
M.Çavuşoğlu bildirib ki, beynəlxalq koalisiyanın Türkiyəyə dəstəyi qənaətbəxş deyil: "Əgər bu koalisiya İŞİD ilə mübarizə məqsədilə yaradılıbsa, Türkiyə isə öz növbəsində, terrorçularla fəal mübarizə aparmaq üçün şərait yaradıbsa, niyə Ankaraya müvafiq dəstək verilmir? Təbii ki, bütün bunları görən Türkiyə ictimaiyyəti haqlı olaraq sual verir: "Əgər Türkiyəyə kömək etmirlərsə, "İncirlik" aviabazası nə üçün istifadə olunur?"
M.Çavuşoğlu deyib ki, Türkiyənin Adana vilayətindəki "İncirlik" aviabazasının bağlanması gündəmdə deyil. M.Çavuşoğlunun sözlərinə görə, ABŞ-ın və Türkiyənin digər müttəfiqlərinin Hərbi Hava Qüvvələri NATO sazişi çərçivəsində "İncirlik"dədir. Bununla belə, Ankara İŞİD terror təşkilatı ilə mübarizədə iştirak edən digər ölkələrə də bu bazadan istifadə etməyə icazə verib.
Nazir qeyd edib ki, Türkiyə İŞİD terrorçuları ilə fəal mübarizə aparır: "Lakin son vaxtlar beynəlxalq koalisiya Türkiyəyə terrorçularla mübarizədə dəstək vermir".
Qeyd edək ki, bundan əvvəl Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın və Baş nazirin müavini Veysi Kaynak rəsmi Ankaranın "İncirlik" bazasındakı koalisiya qüvvələrinin çıxarılması imkanını nəzərdən keçirdiyini bildirib.
ABŞ hərbçilərinin Türkiyənin İncirlik aviabazasından istifadəsinin məhdudlaşdırılması Vaşinqtonun İŞİD-lə mübarizədə Ankaraya göstərdiyi dəstəyə mənfi təsir edəcək. Bu barədə isə Ağ Evin rəsmi nümayəndəsi Coş Ernest bildirib (APA).
Onun sözlərinə görə, bu cür hərəkətlər “konduktora acıq vermək üçün piyada getmək” (özünə pis etmək) el deyimini xatırladır. Ernest bunun baş verməyəcəyinə ümid etdiyini bildirib.
O, Türkiyənin NATO-nun çox mühüm müttəfiqi olduğunu və Vaşinqtonun Ankaraya əlavə dəstək təklif etməyə hazır olduğunu qeyd edib.
ABŞ-ın Müdafiə Nazirliyi də Türkiyənin İncirlik aviabazasını bağlaya biləcəyi barədə məsələyə münasibət bildirib. Pentaqonun mətbuat katibi Piter Kuk bu sahədə Ankara ilə əməkdaşlığın davam edəcəyinə ümidvar olduğunu bildirib.